Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev: ““Eurovision” müsabiqəsindəki uğurumuz Azərbaycan dövlətinin qələbəsidir”

“Bu, ölkəmizin qələbəsi, sizin qələbənizdir. Bu qələbə ilə siz bütün Azərbaycan xalqını sevindirmisiniz.

Yəqin bilirsiniz ki, qələbədən sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin qələbənizi qeyd etdi. Azərbaycan bayrağı dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq. Siz doğrudan da ölkəmizi ləyaqətlə təmsil etdiniz”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələri ilə görüşündə deyib. 

Azərbaycanın “Eurovision” müsabiqəsində dördüncü dəfədir ki, iştirak etdiyini xatırladan dövlət başçısı bütün bu illərdə yaxşı nəticələr əldə olunduğunu qeyd edib: “Ancaq bu nəticə əlbəttə ki, ən gözəl nəticədir və zirvədir”.

Prezident İ. Əliyev Azərbaycanın “Eurovision”da iştirakının təşəbbüskarının Heydər Əliyev Fondu, Mehriban xanım olduğunu bildirib: “Biz bu yarışa onun təşəbbüsü ilə qoşulduq və bütün bu illərdə Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, İctimai Televiziya və digər qurumlar çox fəal işlədi. Hər il biz qələbəyə daha da yaxınlaşırdıq.
Bu müsabiqə deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaq. Siz də artıq tarixdə varsınız. “Eurovision” tarixində Azərbaycan öz sözünü deyib. Bu, əlbəttə ki, hamımızı çox sevindirir. Mən sizi bir daha təbrik edirəm! Sizə uğurlar arzulayıram! Əminəm ki, bundan sonra da ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Beləliklə, Azərbaycan bu sahədə də dünyada öz sözünü dedi. Biz idmanda qələbələrə öyrəşmişik. İdmançılarımız müxtəlif yarışlarda qələbələrlə bizi sevindirirlər. Bu sahədə isə birinci qələbədir. Bir daha sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram!”

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da “Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Eldar Qasımov təşəkkürünü bildirib, bunun bütün Azərbaycanın qələbəsi olduğunu deyib.

17 May, 2011  00:40 Baxılıb: 1187

Bu bölmədə