Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilə Azərbaycanın süni peykindən qorxuya düşüb

Əli Abbasov narahatçılığa ehtiyac görmür

Ermənilərin ABŞ Konqresi qarşısında Azərbaycanın orbitə çıxaracağı süni peykin hərbi məqsədlər üçün istifadə ediləcəyi haqda iddiaları əsassızdır. Bunu ANS telekanalına açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abasov bildirib. Onun sözlərinə görə, Azərbaycan süni peyki dinc məqsədlər üçün istifadə edəcək.

“Amerikadakı erməni diasporası, yəni Erməni Milli Komitəsi İctimai Birliyi Azərbaycanın süni peyki ilə bağlı ABŞ Konqresinə etiraz məktubu göndərib. Onlar narahatlıqlarını ifadə edərkən müraciətlərində bildiriblər ki, Azərbaycan süni peyki hərbi məqsədlərlə istifadə edəcək və bu da Ermənistana birbaşa təhlükədir. Onlar müəyyən qədər bəzi konqresmenlərə təzyiq göstəriblər. Konqres isə komitə səviyyəsində belə bir qərar çıxarıb ki, ABŞ-ın Azərbycana süni peyki almaq üçün kredit təqdim edən bankı bu peykin hərbi məqsədlərlə istifadə olunmaması üçün öhdəlik götürsün. Biz bankdan həmin şərtləri artıq almışıq”,- deyə Əli Abasov əlavə edib.

Rabitə və informasiya texnologiyaları naziri qeyd edib ki, hazırda süni peykə hökumətdə və müəyyən instansiyalarda baxılır.

“Bizim süni peykimiz əsasən telekommunikasiya xidmətləri, həmçinin radio-televiziya verilişləri, eləcə də fövqəladə hallar zamanı müəyyən operativ idarəetmə üçün rabitə növünü verəcək”, - deyə Ə. Abbasov qeyd edib.

Xatırladaq ki, ABŞ-ın erməni lobbisi Azərbaycanın süni peyk əldə etməsini məhdudlaşdırmaq istiqamətində fəaliyyətə keçib. Bununla bağlı süni peykin alışı üçün Azərbaycana kredit ayıran banka etirazlarla dolu məktub da ünvanlayıblar.

Erməni lobbisinin Vaşinqtondakı “Ay Dat” ofisinin məlumatına görə, məsələ ilə əlaqədar ABŞ Konqresinin ermənipərəst senatoru Cek Rid Birləşmiş Ştatların idxal-ixrac bankının prezidenti Fred Hoçberqə məktub ünvalayıb və sənəddə öz narahatlığını ifadə edib. Məktubda ermənipərəst senator Azərbaycanın əldə etdiyi süni peykdən hərbi məqsədlərlə istifadə edəcəyinə dair ciddi narahalığını ifadə edib.

Öz növbəsində bank rəhbəri Fred Hoçberq cavab olaraq onu narahatlığa heç bir əsas olmadığına əmin edib. Bankın cavab məktubunda yazılıb ki, kreditin verilmə qaydalarına əsasən, istənilən ölkəyə süni peykdən istifadə qadağan edilir. Bundan başqa, bildirilir ki, bank proqram çərçivəsində inspektor yoxlamaları aparmaq hüququna malikdir və eləcə də Azərbaycan hökuməti hər il süni peykin istifadə edilməsi haqda hesabat təqdim etməli olacaq.

14 May, 2011  19:17 Baxılıb: 1186

Bu bölmədə