Simsar.az | bizi özünüzə Simsar bilin
Hakim partiyadan ATƏT-ə narazılıq məktubu

"Dağlıq Qarabağ ərazisinə yeni «erməni köçünün» təşkili danışıqlarai zərbə vura bilər" 

Yeni Azərbaycan Partiyası ATƏT – in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradkeyə (ABŞ) Azərbaycanın işğal olunmuş ərazilərinə xarici ölkələrdən erməni ailələrinin köçürülməsi və məskunlaşdırılması ilə əlaqədar etiraz məktubu göndərib. 

Partiyanın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, məktubun bir nüsxəsi isə ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiuyə təqdim ediləcək. Qırğızıstanda yaşayan 200-dən artıq erməni ailəsinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsinə hazırlıq getməsi barədə KİV-də yayılan məlumatlara diqqəti çəkən məktubda bildirilir ki, işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistanın himayəsi və dəstəyi ilə qanunsuz olaraq məskunlaşdırması məsələsi dəfələrlə BMT – də və digər beynəlxalq təşkilatlarda müzakirə olunmuşdur. ATƏT – in bununla bağlı fəaliyyət göstərən faktaraşdırıcı missiyası ötən il yaydığı rəsmi hesabatda işğal altında olan Azərbaycan ərazilərində 15 minədək erməninin qanunsuz şəkildə məskunlaşdığını bildirmişdir.

Məktubda deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv və ardıcıl danışıqların getdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yeni «erməni köçünün» təşkil olunması bu danışıqların səmərəliliyinə ciddi zərbə vura bilər. Belə ki, işğal edilən və tamamilə azərbaycanlılardan təmizlənən bir ərazidə süni şəkildə demoqrafik vəziyyəti dəyişmək cəhdi Ermənistanın işğalçı siyasətinin möhkəmləndirilməsi məqsədlərinə xidmət göstərir.

Azərbaycanın işğal altında olan torpaqlarının süni şəkildə “erməniləşdirilməsi” tarixin təkrarını xatırladır. Ötən əsrin 40 – 50 – ci illərində Sovet hakimiyyəti Azərbaycan əsilli Ermənistan vətəndaşlarını kütləvi şəkildə Azərbaycana deportasiya etdikdən sonra həmin ərazilərə xaricdən erməniləri köçürməklə Ermənistanın demoqrafik vəziyyətini dəyişməyə nail oldular. İndi tarixi yenidən təkrar etməyə cəhd göstərilir.”

Yeni Azərbaycan Partiyasının etiraz məktubunda bir daha nəzərə çatdırıl ki, erməni tərəfinin bu hərəkəti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının müvafiq qərarlarına daban-dabana ziddir. Azərbaycan xalqı Azərbaycan torpaqlarına kənardan köç edilməsi siyasətini qətiyyətlə rədd edir və onun heç bir hüquqi nəticəsini qəbul etmək niyyətində deyil.

“Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin işğal edilmiş Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edərək, ATƏT-in Minsk Qrupunun həmsədrlərini sülh danışıqlarının nəticələrini heçə endirən və münaqişənin dinc vasitələrlə həllinə dair konstruktiv səylərə mane olan «köçürmə siyasətini» birmənalı şəkildə pisləməyə və onun mənfi nəticələrinin qarşısını vaxtında almaq üçün müvafiq addımlar atmağa çağırır” – deyə, məktubda bildirilir.

12 May, 2011  22:04 Baxılıb: 1107

Bu bölmədə