Simsar.az | bizi özünüzə Simsar bilin
Minsk Qrupu hesabat verəcək

"Cənubi Qafqazda sülh və sabitlik təkcə region xalqları üçün deyil, bütövlükdə Avropa üçün də olduqca əhəmiyyətlidir"

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu ilə cümə axşamı Milli Məclisdə keçirilən görüşdə Minsk qrupunun fəaliyyəti ilə bağlı Parlament Assambleyasına hesabat verməli olduğunun zəruriliyini qeyd edib.

Simsar.az-ın məlumatına görə, görüşdə Petros Eftimiu Parlament Assambleyasının Belqradda keçiriləcək yay sessiyasında belə bir hesabatın ATƏT-in Minsk qrupu tərəfindən verilməsinə çalışacağını vurğulayıb.

Petros Eftimiu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli şəkildə, beynəlxalq hüquq normalarına uyğun həllinin vacibliyini qeyd edib. O bildirib ki, Cənubi Qafqazda sülh və sabitlik təkcə region xalqları üçün deyil, bütövlükdə Avropa üçün də olduqca əhəmiyyətlidir.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini diqqətə çatdıran Petros Eftimiu ATƏT-in bunun üçün lazımi format rolunu oynaya biləcəyini söyləyib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA sədri ilə görüşdə Assambleyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca qətnamə qəbul etməsinin vacibliyini qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

12 May, 2011  21:30 Baxılıb: 1037

Bu bölmədə