Simsar.az | bizi özünüzə Simsar bilin
İctimai Palata icazəsiz mitinq keçirməyəcək

ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorelin son bəyanatı müxalifətçilərə ümid yaradıb

“İctimai Palata hakimiyyət orqanları ilə razılaşdırılmamış mitinqlərin keçirilməsi variantından müvəqqəti imtina edib.

Biz Bakı Şəhər İcra Hakimiyyətinə mitinq yerinin ayrılması ilə bağlı etdiyimiz müraciətin cavabını gözləmək qərarı vermişik. Son icazəsiz mitinqlərdə xoş olmayan hadisələr, həmçinin, həbslər yaşandığı üçün biz belə bir qərar vermişik ki, hakimiyyət gücləri ilə qarşıdurmaya getməyək və razılaşdırılmış mitinqlər keçirək”.

Bu sözləri Lent.az-a İctimai Palatanın üzvü, Müsavat başqanının müavini Tofiq Yaqublu deyib. O bildirib ki, Koordinasiya Şurasının mayın 10-da keçirilən iclasında mitinqlərin davam etdirilməsi qərar alınıb, lakin icra hakimiyyətinin məktublara cavab vermək üçün nəzərdə tutulan 1 ay müddəti tamamlanmadığı üçün həmin məktubun cavabını gözləmək lazım gəlib: “BŞİH-in məktubumuza cavabını gözləyirik ki, sonra bizi bilərəkdən qarşıdurmaya getməkdə ittiham eləməsinlər. BŞİH-in qərarı aydın olsun, ondan sonra mitinqlə bağlı konkret qərarlar veriləcək, lakin istənilən halda, kütləvi aksiyalar gündəlikdədir”.

T.Yaqublu qeyd edib ki, ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorelin son bəyanatı, həmçinin ATƏT-in Parlament Assambleyasının rəhbərinin Bakıya gəlişi hakimiyyətin mitinqlərə uyğun yer verəcəyinə olan inamı artırıb: “Hakimiyyət bizə yox desə, yenidən razılaşdırılmamış aksiyalara əl atacağıq”.

11 May, 2011  22:21 Baxılıb: 1122

Bu bölmədə