Simsar.az | bizi özünüzə Simsar bilin
Acarıstanda “Azərbaycan Günü” keçirildi

20-ci ildönümü ilə əlaqədar bu gün Batumi Dövlət Universitetində “Azərbaycan Günü” keçirilib.

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar bu gün Batumi Dövlət Universitetində “Azərbaycan Günü” keçirilib.

Batumidəki Baş Konsulluqdan APA-ya bildiriblər ki, tədbirdə Acarıstan Muxtar Respublikasının Sədri L.Varşalomidze, Batumi şəhərinin Meri R.Çxaidze, Mədəniyyət və Təhsil Naziri Q.Abuladze, Kənd Təsərrüfatı Naziri D. Surmanidze, Batumi şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökuməti aparatının və digər nazirliklərin məsul əməkdaşları, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ali məktəbin tələbə və müəllim heyəti, Acaristan ictimaiyyətinin, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə Baş Konsul Hüseyn Nəcəfov “Azərbaycanın tarixi və bu günü” mövzusunda məruzə ilə çıxış edib.
Baş Konsul məruzəsində Azərbaycanın zəngin tarixi və mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Azərbaycanın müasir iqtisadiyyatın inkişafı, ölkəmizin əldə etdiyi uğurların məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Heydər Əliyev tərəfindən həyata keçirilən islahatların, ölkə başçısı İlham Əliyevin uğurla davam etdirilməsi nəticəsində, bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələr arasında yer aldığını vurğulayıb.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən geniş foto sərgisi təşkil olunub, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan “Когда мы говорим Азербайджан” sənədli film nümayiş etdirilib.
Qonaqlara Azərbaycanın tarixi yerləri, istirahət zonaları haqqında broşürlər, bukletlər, video CD-lər təqdim edilib.
Baş Konsul Nəcəfovun təklifi ilə Batumi Dövlət Universitetinin kitabxanasında “Heydər Əliyev kitab fondu”nu yaradılıb. Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən bu məqsədlə Baş Konsulluğa təqdim olunmuş Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Azərbaycan haqqında kitablar və Azərbaycana dair digər ədəbiyyat Batumi Dövlət Universitetinin “Heydər Əliyev kitab fondu”na tədbir zamanı hədiyyə edilib.
Görüşdə Acarıstan Muxtar Respublikasının Sədri L.Varşalomidze, Batumi Dövlət Universitetin rektoru professor A.Bakuridze çıxış edərək Azərbaycan-Gürcüstan dosluq münasibətlərinin gündən-günə möhkəmlənməsi, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi, tarixə əsaslanan dostluq münasibətlərinin inkişafını xüsusilə vurğulayaraq, bu gün münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Tədbirin sonunda qonaqlara Baş Konsulluq adından ziyafət verilib.
“Azərbaycan Günü” və Baş Konsulun müsahibəsi Acaristanın “Acariya TV” və “TV–25” kanalları tərəfindən işıqlandırılıb.

11 May, 2011  02:26 Baxılıb: 1142

Bu bölmədə