Simsar.az | bizi özünüzə Simsar bilin
Elnur Aslanov: "Azərbaycan regionda yox dünyada lider olmalıdır"

“Bizə Azərbaycanın tarixini və milli ideyanı dərindən mənimsəmiş gənclər lazımdır"

“Orta məktəblərin tarix dərsliklərinə ölkənin tarixi ilə bağlı dəyişikliklər edilməlidir”. 

Simsar.az-ın məlumatına görə, bu barədə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması üzrə ictimai müzakirələrdə belə deyib. 

Onun sözlərinə görə, Təhsil Nazirliyi ilə bu istiqamətdə müvafiq işlər aparılacaq. “Bizə Azərbaycanın tarixini və milli ideyanı dərindən mənimsəmiş gənclər lazımdır. Biz “Mən azərbaycanlıyam” deyərkən fəxr etməliyik və bu hissi intellektual potensialımız, qabiliyyətimiz, yaradıcılığımız vasitəsilə başqalarına ötürməliyik” - deyə, PA rəsmisi vurğulayıb. O, qeyd edib ki, iqtisadi göstəricilərinə görə regionda liderə çevrilən Azərbaycan insan potensialına görə də təkcə regionda deyil, bütün dünyada lider olmalıdır.

Bu gün Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması üzrə ictimai müzakirələr keçirilib. Müzakirələr zamanı iştirakçılar gənclərin sosial müdafiəsi, gənclərin məşğulluğu və onların sahibkarlıq fəaliyyətinə dəstək, gənclərin vətənpərvərlik tərbiyəsi, gənclərin elmi, yaradıcılıq potensialının inkişafı, vətəndaş cəmiyyətinin idarə olunmasında onların iştirakı mövzularını qaldırıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti aprelin 6-da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması haqqında sərəncam imzalayıb. Sərəncamda Prezident Administrasiyasına iki ay ərzində Dövlət Proqramı layihəsinin hazırlanıb dövlət başçısına təqdim edilməsi tapşırılıb.

3 May, 2011  22:33 Baxılıb: 1126

Bu bölmədə