Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət reklamı qəzetlər arasında necə bölünəcək?

Əflatun Amaşov mətbuatın durumundan danışdı 

Bu gün Mətbuat Şurasının sədri jurnalistlərə açıqlamasında mətbuatın inkişafına yönələn fikirlər səsləndirib.

Simsar.az saytının məlumatına görə, MŞ Bakı şəhərində keçirilən aksiyalarda iştirak edən jurnalistlərin fəaliyyətini yenə monitorinq edəcək.

Ə.Amaşovun sözlərinə görə, indiyədək keçirilən aksiyalarda MŞ jurnalistlərin hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olmayıb: «Bir neçə hadisə baş verib. Amma həmin məqamlarda jurnalistlər gödəkcələrdə olmayıb. Növbəti aksiyalarda da Şuranın monitorinq qrupu hadisə yerində olacaq. Biz çalışacağıq ki jurnalistlərin hüquqlarını qoruyaq».

MŞ sədri daha sonra bildirib ki, qurum dövlət reklamlarının müstəqil qəzetlərdə yayımlanması və mətbuatın iqtisadi imkanlarının yaxşılaşdırılmasına dair təkliflərin Prezident Administrasiyasına təqdim edib: Dövlət reklamları siyasi mövqeyindən asılı olmayaraq KİV-də yerləşdirilməlidir: “Biz təkliflərimizi Prezident Adminstrasiyasına təqdim etmişik. Yəqin ki, yaxın vaxtlarda müvafiq qərarlar qəbul ediləcək”.

Ə. Amaşov on-line medianın inkişafının dəstəklənməsi sahəsində də müəyyən işlərin görüldüyünü vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda internet mediasına heç bir maneə yoxdur: “Azərbaycanda vətəndaşlar sərbəst şəkildə sosial şəbəkələrdən istifadə edir, bloqlar yaradır. Mətbuat Şurası may ayının sonlarında Bakıda internet mediasına həsr olunmuş konfrans keçirməyi planlaşdırır”.

On-line mediaya nəzarət məsələsinə gəlincə, Ə. Amaşov bunun mümkün olmadığını qeyd edib: “Onların yerləşdiyi serverlərin əksəriyyəti ölkədən kənardadır. Bir neçə internet portalı Mətbuat Şurasının üzvüdür. Onlardan da bəzən bizə şikayətlər daxil olur. Əgər etik qaydaların pozulması ilə bağlı şikayətlər olursa, biz iradlarımızı çatdırırıq”.

Ə. Amaşov MŞ nəzdində on-line KİV rəhbərlərindən ibarət bir qrupun yaradılmasının nəzərdə tutulduğunu da açıqlayıb.

Anar

3 May, 2011  19:40 Baxılıb: 1087

Bu bölmədə