Simsar.az | bizi özünüzə Simsar bilin
Müdafiə Nazirliyi təkzib etdi

Aprelin 29-da Dağlıq Qarabağda iki erməni əsgərini Azərbaycan ordusu deyil, Ermənistan vətəndaşı olan hərbçi öldürüb

“Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında çoxdan mövcud olan ədavət orduya da sirayət edib”

“Ermənilər yalan danışırlar və məsələni qəsdən Azərbaycanla bağlamaq istəyirlər”. Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu aprelin 29-da iki erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağda öldürülməsi, birinin isə yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumatlarla bağlı sualını cavablandırarkən deyib. 

Ermənilərin növbəti dəfə yalan məlumat yaydığını qeyd edən E. Sabiroğlu əslində vəziyyətin tamam başqa cür olduğunu bildirib: “Bildiyiniz kimi, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ədavət çoxdan mövcuddur. Bir-birinə qarşı düşmənçilik münasibətləri orduya da sirayət edib. Artıq neçənci dəfədir ki, Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə mübahisə zəminində necə deyərlər gəlmə ermənilərlə, yerli erməni əsgərləri arasında baş verən atışmalar nəticəsində ölənlər olub. Əldə edilən məlumata görə, aprelin 29-dakı hadisə də məhz bu zəmində baş verib. Ermənistan vətəndaşı olan əsgər avtomat silahdan açdığı atəşlə Dağlıq Qarabağın Martuni rayonunda anadan olan iki əsgəri qətlə yetirib, birini isə yaralayıb. Əsl vəziyyət belədir”.

Qeyd edək ki, Ermənistan mətbuatı aprelin 29-da Azərbaycan əsgərlərinin iki erməni hərbçini öldürdüyü, birini isə yaraladığı barədə xəbər yayıb.

2 May, 2011  16:34 Baxılıb: 1165

Bu bölmədə