Simsar.az | bizi özünüzə Simsar bilin
GƏNC, DÖVLƏT PROQRAMINA TƏKLİFİN NƏDİR?

Prezidentin sərəncamından 34 gün keçdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzaladı. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndi rəhbər tutularaq, ölkədə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə imzalanıb.
Sərəncamın 1-ci hissəsində qeyd olunur ki, işçi qrupu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etsin.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupun tərkibini təsdiq edib. İşçi qrupuna R.Mehdiyev özü rəhbərlik edir. R.Mehdiyevin qərarı ilə işçi qrupunun tərkibi aşağıdakı şəxslərdən ibarətdi.

İşçi qrupunun üzvləri:

Azərbaycan Respublikasının gənclər və idman naziri - Azad Rəhimov
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri - Fatma Abdullazadə
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri - Əli Həsənov
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri - Zeynal Nağdəliyev
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri - Elnur Aslanov
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini - Vaqif Əliyev
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini - İlqar Fətizadə
Azərbaycan Respublikası təhsil nazirinin müavini - Elmar Qasımov
Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini - Sevinc Həsənova
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini -İlqar Rəhimov
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini - Sədaqət Qəhrəmanova
“İrəli” İctimai Birliyinin sədri - Ceyhun Osmanlı
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri - Fuad Muradov
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri - Şahin İsmayılov
Gənclər proqramının baş prodüseri - Balakişi Qasımov
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri - Gülsel Səfərova

Bu günə qədər komissiyanın müxtəlif formatlarda bir neçə tədbiri keçirilib. Tədbirdə gənclərin təmsil olunduğu təşkilatların Dövlət Proqramına təklifləri dinlənilib, məqsədəuyğun olanları seçilib. Proses davam edir.
Simsar.az saytının əməkdaşı bir neçə gənclər təşkilatının irəli sürdüyü təkliflərlə maraqlanıb.

Gəncliyin Elmi Mədəni İnkişafı (GEMİ) təşkilatının sədri Sərdar Yusifoğlu:

- Bu proqramdan xəbərim var. Gəncliyin Elmi Mədəni İnkişafı təşkilatı olaraq təklifimizi may ayının ortalarında təqdim edəcəyik. Təklifimizin əsas məqsədi gənclər arasında, ali təhsil ocaqlarında, ucqar kəndlərdə kulturoloji maarifləndirmənin aparılması, korrupsiyaya qarşı müxtəlif təlimlərin keçirilməsi və gənclər təşkilatlarının resurs bazasının genişləndirilməsi ilə bağlıdır.

"Təbiət elmlərinə dəstək və ekoloji maarifləndirmə" İctimai Birliyinin sədri Rövşən Əkbərov:

- “Təbiət elmlərinə dəstək və ekoloji maarifləndirmə” İctimai Birliyinin əsas məqsədi təbiət elmlərini asan və anlaşılan şəkildə izah edərək, yaşadığımız cəmiyyətin, xüsusilə gənclərin elmi mövzulara olan marağını artırmaqdan ibarətdir. Dövlət Proqramı üçün təkliflər hazırlamışıq. Təkliflərimiz əsasən elmin gənclər arasında populyar hala gətirilməsindən ibarətdir. Bunun üçün kütləvi tədbirlərin - konfranslar, seminarlar və sərgilərin keçirilməsi, televiziya verilişlərinin hazırlanması, gənclərin bu verilişlərdə aktiv iştirakının təmin edilməsini vacib sayırıq. Tədbirlərdəki mövzular əsasən kainat, Yer kürəsi və canlılardakı mükəmməl xüsusiyyətləri, bu sahədə olan elmi nəzəriyyələri izah etmək və gəncləri bu mövzularda həvəsləndirməkdən ibərətdir. Bu sahədə gördüyümüz işləri dövlətimizə və cənab prezidentimizin gənclərə olan qayğısına əsaslanaraq, daha da genişləndirmək niyyətindəyik. Təkliflərimiz də əsasən bu istiqamətdə olacaq.

"İRƏLİ" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev:

- “İRƏLİ" İctimai Birliyi olaraq gənclər proqramının müzakirəsi ilə bağlı həm Gənclər və İdman Nazirliyi və digər qurum və QHT-lər tərəfindən təşkil olunmuş tədbirlərdə fəal iştirak etmişik. Təşkilatımızın sədri Ceyhun Osmanlı cənab prezidentin gənclərlə görüşündə iştirak edərək bir sıra məsələlərə toxunub. Bunlar arasında gənclərin təhsil, işsizlik və mənzil problemlərinin aradan qaldırılması, gənclik mərkəzinin tikilməsi, regiondakı gənclərin fəaliyyətinin artırılması və s. qeyd etmək olar. Qarşıdakı günlərdə təşkilatımız tərəfindən müzakirələrin keçirilməsi planlaşdırılır ”.
Aynurə Həsənova





 

30 Aprel, 2011  16:56 Baxılıb: 2313

Bu bölmədə