Simsar.az | bizi özünüzə Simsar bilin
Mardun Qumaşyan bu dəfə də qurtuldu

Hakim vəsatəti təmin etmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ilin aprel ayında baş verən kütləvi qətllə bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən ötən prosesdə qaldırılmış vəsatətlərin təmin olunmamasını xahiş edib. Hakim həmin vəsatətlərin təmin olunmaması barədə qərar çıxarıb. Proses mayın 11-də davam etdiriləcək.

Xatırladaq ki, ötən prosesdə vəkillər çıxış edərək, şahidlərin prosesə çağırılmasını və erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin barəsində cinayət işinin başlanılması barədə vəsatət veriblər. Dövlət ittihamçısı isə həmin vəsatətlərə münasibət bildirmək üçün vaxt istəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2010-cu il tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

ADNA-da baş verən kütləvi qətlin sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.

29 Aprel, 2011  19:39 Baxılıb: 1464

Bu bölmədə