Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov ABŞ Konqresinin nümayəndə heyətini qəbul etdi

ABŞ konqresmenləri görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıqdanməmnunluq ifadə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-in Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin rəhbərlik etdiyi Konqresin nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ konqresmenləri görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıqdan məmnunluq ifadə edib, Azərbaycanın ABŞ-ın müttəfiqi kimi mühüm rolunu vurğulayıblar. Bununla yanaşı, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə verdiyi töhfə və dəstək, ölkəmizin qlobal enerji təhlükəsizliyində artan rolu, regional və qlobal sabitliyin təmin olunmasında iştirakı yüksək qiymətləndirilib.

Nazir ABŞ Konqresində Ermənistan-Azərbaycan münaqişəsi barədə dolğun və dəqiq məlumatların yayılmasının əhəmiyyətini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həllinin, regionda sülh və sabitliyin təmin olunması üçün işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən çıxarılmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının vacibliyini qeyd edib.

Görüş zamanı E. Məmmədyarov Azərbaycanda və regionda cərəyan edən proseslər barədə məlumat verib, Cənubi Qafqaz regionun inkişafında və regional əməkdaşlığın genişləndirilməsində Azərbaycanın rolunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

29 Aprel, 2011  00:20 Baxılıb: 1115

Bu bölmədə