Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Sabunçu rayonunda görülən işlərlə tanış oldu

İlham Əliyev quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur.

Aprelin 27-də dövlətimizin başçısı həyata keçirilən quruculuq işləri ilə yaxından tanış olmaq üçün Sabunçu qəsəbəsinə gəldi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Azərbaycan Prezidenti Sabunçu vağzalının ətrafında əvvəlki vəziyyəti əks etdirən fotostendə də baxdı. Bildirildi ki, Sabunçu vağzalının ətrafındakı ərazidə kanalizasiya, su və rabitə xətləri yeniləri ilə əvəz edilibdir. 28 min kvadratmetr sahəsi olan Əslidar Məmmədəliyev küçəsinə ikiqat asfalt döşənib, 950 metr uzunluğunda səkiyə qranit plitə döşənib. Səkilərdə 1700 kvadratmetr sahədə asfalt işləri görülüb. Əlavə olaraq 22 min kvadratmetr sahəsi olan qəsəbədaxili küçələrə asfalt döşəmək üçün hazırlıq işləri aparılır. Sabunçu vağzalının binasında yenidənqurma işləri başa çatdırılıbdır.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü. Həyata keçirilən quruculuq işlərinə görə dövlətimizin başçısına minnətdarlıq edən sakinlər arzu və təkliflərini bildirdilər.

Qəsəbə sakinləri ilə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Sabunçudan Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə Aeroport istiqamətində nəqliyyatın çıxışını təmin etmək üçün çəkiləcək yeni yolun keçəcəyi ərazi ilə tanış olmaq üçün həmin sahəyə gəldi. Ərazi ilə yaxından tanış olan Prezident İlham Əliyev yeni yolun çəkilişi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

28 Aprel, 2011  04:26 Baxılıb: 1164

Bu bölmədə