Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident xristian icmasını Pasxa bayramı münasibətilə təbrik etdi

Mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir

Azərbaycan prezidenti İlham Əliyev ölkənin pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə bildirilir ki, yüzillər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olması, ayrı-ayrı dinlərin və etiqadların qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsi bu gün ölkəni dünyada nümunəvi tolerantlıq məkanı kimi tanıdıb: “Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, respublikamızın xristian icması, o cümlədən pravoslav vətəndaşlarımız ölkəmizdə gedən böyük quruculuq işlərində yaxından iştirak edir, vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər. Əziz dostlar! Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin. Bayramınız mübarək olsun!”

23 Aprel, 2011  04:14 Baxılıb: 1185

Bu bölmədə