Simsar.az | bizi özünüzə Simsar bilin
BP SƏTTAR MEHBALIYEVİN FİKRİNƏ REAKSİYA VERDİ – CAVAB HAQQI

Tamam Bayatlı: “Bizim işçilərdən heç kəs həmkarlar təşkilatı yaratmaq təşəbbüsündə bulunmayıb”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bu gün jurnalistlərə açıqlamasında ölkədə fəaliyyət göstərən xarici şirkətlərin qanunları pozduğunu deyib. 

S. Mehbalıyev çıxışında xarici şirkətlərdə çalışan azərbaycanlıların həmkarlar təşkilatları yaratmaq istəyinə diqqət çəkib: "Bp şirkətindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına çoxlu sayda işçi müraciət edərək, həmkarlar təşkilatı yarada bilmədiklərini deyirlər. Onlar həmkərlar təşkilatı yaratmaq istəyəndə işdən azad edilirlər. Mən işçiləri öz hüquqlarını qorumağa çağırıram. Hazırda bp şirkəti ilə danışıqlar aparırıq".

Simsar.az saytı S.Mehbalıyevin ittihamlarına aydınlıq gətirilməsi üçün BP-Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlıya müraciət edib.

S.Mehbalıyevin fikirlərini şərh etmək istəməyən şirkət təmsilçisi öncə qanunvericiliyi xatırladıb.

T.Bayatlının sözlərinə görə, qanunla 7 nəfər birləşib həmkarlar təşkilatı yarada bilər. Həmin təşkilatın qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

«BP-də daimi işçilərin sayı iki minə yaxındır. Podratçı və subpodratçı şirkətlərin işçiləri bizim işçilər hesab olunmur. Bu günə qədər bizim işçilərdən heç kəs həmkarlar təşkilatı yaratmaq təşəbbüsündə bulunmayıb. Şəxsən mən 16 ildir bu şrəktədə işləyirəm. Heç vaxt həmkarlar təşkilatı yaratmaq təşəbbüsüm və fikrim olmayıb» - deyə, T.Bayatlı bildirib.

Şöbə rəhbəri şirkətdə işçilərə hər cür şəraitin yaradıldığını bildirib: «BP şirkəti tərəfindən bizə lazımınca şərait yaradılıb. Hüquq və vəzifələrimiz bizə izah olunur. Sığortamız, ailəmizin sığortası var. Hamilə qadınların hüquqları, imtiyazlar aydın şəkildə şirkətin saytında izah olunur. Hər bir işçinin saytda səhifəsi var. Maaşlarımız, artım, vergi ödəmələri barədə dəqiq məlumatlar ala bilirik. Şirkət prezidentinin qapısı işçilərin üzünə açıqdır».

«Bu günə qədər Həmkarlar Konfederasiyası İttifaqı işçilərin hüquqlarının pozulması ilə bağlı BP şirkətinə müraciət edibmi» sualına cavab olaraq T.Bayatlı qeyd edib edib ki, bunu kadrlar şöbəsilə dəqiqləşdirəcək: «BP-nin öz işçilərilə bağlı Həmkarlar Konfederasiyası bizə müraciət etməsi barədə məlumatım yoxdur».

Həmkarlar təşkilatı yaratmaq istəyənlərin BP-dən çıxarılması barədə səslənən ittihamlara gəlincə, T.Bayatlı qeyd edib ki, işçilər o zaman BP-dən xaric olunur ki, öz sahələrində ciddi səhvlərə yol verirlər: «Həmkarlar təşkilatı yaratmaq istədiklərinə görə kiminsə işdən çıxarıldığının şahidi olmamışam. BP-də işçilərin hüquqları pozulsaydı 200-150 boş yerə 5-6 min nəfər müraciət etməzdi».

Ruslan XƏLİL




21 Aprel, 2011  22:22 Baxılıb: 1492

Bu bölmədə