Simsar.az | bizi özünüzə Simsar bilin
Nemət Pənahlının işi üzrə hazırlıq iclası keçirilib

Vəkilin vəsatəti təmin olunmayıb

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı barəsində cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Samir İsayev çərşənbə axşamı Trend-ə bildirib ki, Nəsimi rayon məhkəməsində keçirilən iclasda Nemət Pənahlının və Ceyhun Fərzullayevin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə verilən vəsatətlər təmin olunmayıb.

İş üzrə məhkəmə baxışı mayın 3-ə təyin olunub.

Yanvarın 7-də, gecə 21:20 radələrində Bakı şəhər sakini Eldəniz Rzayev mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun Fərzullayev tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.

Onun məlumatı əsasında Pənahlı və Fərzullayev saxlanılıb.

Saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onlar barəsində Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 10-da 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı məlum olub ki, insident maşın alqı-satqısı ilə bağlı yaranan mübahisə zamanı baş verib.

Döyülən şəxs Pənahlıdan maşın alıb. Hadisə baş verən gün Mirəli Qaşqay küçəsində həmin maşında texniki nasazlıq yaranıb. Rzayev Pənahlıya zəng edərək avtomobilin xarab olduğunu bildirib. Bundan sonra Pənahlı Rzayevlə görüşüb və aralarında yaranan mübahisə zamanı Pənahlı onu dəmir parçası ilə döyüb.

DİN Pənahlının həbsinin Azərbaycan İslam Partiyasının sədrinin həbsi ilə əlaqəli olması barədə bəzi KİV-lərdə yayılan məlumatları təkzib edir.

19 Aprel, 2011  19:07 Baxılıb: 1174

Bu bölmədə