Simsar.az | bizi özünüzə Simsar bilin
Vilayət Quliyev macar mediasının rəhbərləri ilə görüşüb

Azərbaycanın Macarıstandakı səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibəti ilə silsilə tədbirlər həyata keçirir

Səfirlikdən Simsar.az-a verilən məlumata görə, tədbirlərin məqsədi macar mətbuatının diqqətinin müstəqillik dövründə yeni dövlət quruculuğu sahəsində respublikamızda qazanılmış uğurlara, iqtisadiyyat və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlərə yönəltməkdir. 

Səfir Vilayət Quliyevin aprelin 18-də Macarıstanın aparıcı qəzetlərinin rəhbərliyi və beynəlxalq məsələlərə cavabdeh jurnalistləri ilə keçirdiyi görüşdə də bu məsələlər ətrafında geniş müzakirələr aparılıb. Görüşdə ölkənin “Nepsabadşaq”, “Macar nemzet”, “Macar hirlap”, “Nepsava”, “Diplomat” kimi populyar və aparıcı mətbuat orqanlarının mümayəndələri iştirak ediblər.

Görüş zamanı səfir V.Quliyev macar jurnalistlərinə Azərbaycanın müstəqillik tarixi, ölkədə gedən ictimai-siyasi proseslər, aparılan islahatlar, respublikamızın regionda və beynəlxalq aləmdəki mövqeyi barədə ətraflı məlumat verib. Səfir Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilər, qaçqınlar problemi və işğalçı ölkənin qeyri-konstruktiv siyasəti nəticəsində indiyə qədər nəticə verməyən sülh danışıqlarından da ətraflı bəhs edib. Görüş zamanı jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verilib.

Macar mediasının nümayəndələri Azərbaycanın müvafiq qurumları və mətbuat orqanları ilə əməkdaşlıq şəraitində respublikamıza gəlməyə, dövlət və hökumət nümayəndələri ilə müsahibələr təşkil etməyə, ölkəmizin və insanlarımızın həyatını obyektiv şəkildə işıqlandırmağa hazır olduqlarını bildiriblər. Bu istiqamətdə işlərin davam etdirilməsi, belə görüşlərin bundan sonra da mütəmadi şəkildə keçirilməsi qərara alınıb.

19 Aprel, 2011  18:54 Baxılıb: 1392

Bu bölmədə