Simsar.az | bizi özünüzə Simsar bilin
Yevda Abramov «Freedom House»u tənqid etdi

“Təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir” 

««Freedom House» təşkilatının hesabatı reallığı əks etdirmir. bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir». Bu sözləri yap.org.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov «Freedom House»nin son hesabatına münasibət bildirərkən deyib.


Y.Abramov qeyd edib ki, «Freedom House» Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun sözlərinə görə, təşkilat ölkəmiz haqda məlumatları bir mənbədən alır və burada balans gözlənilmir. Yəni bu qurum hökumətin, parlamentin məlumatlarını və mövqeyini nəzərə almır. Y.Abramov deyib ki, «Freedom House» ölkəmizdə ayrı-ayrı «hüquq müdafiəçiləri» və müxalifət partiyaları ilə əlaqə saxlayırlar. Onların verdiyi məlumat əsasında da belə mənfi hesabat ortaya çıxarırlar.


Komitə sədrinin müavini hesab edir ki, təşkilat hər il Azərbaycanla bağlı eyni fikirləri bildirir. «Onların mövqeyi Azərbaycanda gedən obyektiv proseslərə adekvat deyil. Belə qurumlar öz maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən belə nəticələr çıxarırlar. Bu təşkilatın nümayəndələri bir dəfə də olsun parlamentin İnsan hüquqları komitəsinə gəlib, onları maraqlandıran məsələlərlə bağlı suallar verməyiblər»-deyə Y.Abramov qeyd edib.





19 Aprel, 2011  16:31 Baxılıb: 1915

Bu bölmədə