Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Salyanda oldu

İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olub

Azərbaycan prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olub. Dövlət başçısı şəhərdə görülən işlərlə maraqlandı. Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, şəhərdəki bütün binaların fasadları tamamilə dəyişdiriləcək, küçələrin kənarındakı xidmət və ticarət obyektlərinin xarici görünüşü müasir memarlıq üslubunda qurulacaq. 

Mərkəzi küçələrin işıqlandırma sistemləri tamamilə yeniləşəcək. Bunun üçün xüsusi işıqlandırma sistemləri və dirəklər sifariş verilmişdir. Şəhərin küçələri boyu çəkilən hasarlar çay daşları ilə bəzədiləcək.

Həmçinin Tahir Kərimov Kürün Salyan ərazisindən keçən hissəsinin məcrasının dəyişdirilməsi ilə bağlı hazırlanan layihə barədə də dövlətimizin başçısına məlumat verdi.

Şəhərdə görülən işlərlə tanışlıq zamanı prezident İlham Əliyev sakinlərlə bir daha görüşüb, onların qayğıları və problemləri ilə maraqlandı. Ölkənin hər yerində olduğu kimi, Salyanda da mövcud problemlərin aradan qaldırılması üçün görülən tədbirlərdən və nəzərdə tutulan proqram və layihələrdən danışdı.

16 Aprel, 2011  03:33 Baxılıb: 1545

Bu bölmədə