Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyevin Astara səfəri davam edir -YENİLƏNİB

Prezident yeni obyektlərlə tanış oldu


Azərbaycanın cənub bölgəsində səfərdə olan prezident İlham Əliyev Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub. Dövlət başçısının diqqətinə çatdırılıb ki, kompleksin inşasına “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli Sərəncamına əsasən başlanıb. Beş hektaradək ərazidə aparılan tikintiyə 2007-ci ilin yayında başlanıb. Baş plana əsasən, müasir memarlıq üslubunda, səkkizguşəli ulduz formasında inşa ediləcək kompleksdə ikimərtəbəli əsas universal idman zalı korpusu olacaq. İdman zalında min nəfərlik tribuna, trenajor və məşq zalları, foye, qarderob, məlumat stolu, yeməkxana, inzibati otaqlar, tibb, məşqçi və hakim otaqları və s. yaradılacaq.

Bildirilib ki, ikimərtəbəli üzgüçülük hovuzunun binasında 200 yerlik tribuna, uzunluğu 51 metr, eni 31 metr olan hovuz, məşqçi, hakim, inventar otaqları, yeməkxana və digər texniki otaqlar inşa ediləcək. Baş plana əsasən, ikimərtəbəli 4 kottec, futbol, basketbol, tennis və voleybol meydançaları, qaçış yolu, yerüstü avtomobil dayanacağı da inşa olunacaq. Kompleksə müstəqil qaz, su, kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binaların müasir avadanlıqla təchiz edilməsi, havalandırma və digər qurğuların quraşdırılması nəzərdə tutulub. Kompleks bu ilin sonunadək təhvil veriləcək.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.

 

Prezident həmçinin Astara Gömrük İdarəsində də olub. APA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev dövlətimizin başçısına raport verib.

Dövlət başçısına məlumat verilib ki, Azərbaycan prezidentinin 2007-ci il 1 fevral tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən Astara Gömrük İdarəsinin Astara gömrük sərhəd-keçid məntəqəsi yenidən tikilərək müasir avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyev sərnişin-nəqliyyat gömrük nəzarəti xəttində avtomobillərin gömrük nəzarətindən keçmə prosesi ilə tanış olub. Bildirilib ki, idxal və ixrac gömrük nəzarəti xətlərinin hər birində eyni vaxtda üç avtomobil gömrük nəzarətindən keçə bilər. Bu xətlərin hər birində elektron növbə sistemi və rəsmiləşdirmə mərkəzi yaradılıb, malların və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqəsində qeydiyyatının “bir pəncərə” prinsipini tətbiq etməklə həyata keçirilməsi təmin olunub. Bu da malların və nəqliyyat vasitələrinin məntəqədə qeydiyyatına sərf olunan vaxtın 3 saatdan 15 dəqiqəyədək azaldılmasına imkan verib.

Dövlət başçısı Astara Gömrük İdarəsinin əvvəlki və yeni görüntülərini əks etdirən fotostendə baxıb, Astara Gömrük İdarəsinin inzibati binasında piyadaların gediş-gəliş xətlərində, gömrük yoxlama məntəqələrində yaradılan şəraitlə də maraqlanıb. Prezident inzibati binada ölkə üzrə sərhəd-keçid məntəqələrində gedən iş prosesini canlı olaraq izləyib.

Daha sonra ölkə başçısı Gömrük Tədris Mərkəzi və Astara Gömrük İdarəsində müasir memarlıq üslubunda tikilmiş “Az Duty Free Shops” - Rüsumsuz Ticarət Mərkəzi ilə tanış olub Bildirilib ki, mərkəzin birinci mərtəbəsində əsasən yeyinti məhsulları, ikinci mərtəbədə isə elektrik məişət əşyaları istehlakçılara təqdim olunur.

Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda Astara Gömrük İdarəsində 205 nəfər daimi işlə təmin olunub.

15 Aprel, 2011  22:37 Baxılıb: 1325

Bu bölmədə