Simsar.az | bizi özünüzə Simsar bilin
Hakim partiya İctimai Palatanı anlamır

Siyavuş Novruzov: "YAP radikal müxalifətlə dialoq aparmaq niyyətində deyil"

Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri aprelin 17-də müxalifətin “Sahil” bağında planlaşdırdığı qanunsuz aksiyanı müşahidə edəcək.

APA-nın məlumatına görə, bu barədə YAP-dan olan deputat Siyavuş Novruzov bildirib.

«Bu qeyri-qanuni aksiyadır və YAP-ın baş qərargahının binasının əhatəsində olacaq. Biz də bunu izləyəcəyik», - deyə partiya nümayəndəsi qeyd edib.

Hakimiyyətin müxalifətin son vaxtlar atdığı addımlardan və baş verən proseslərdən çəkinmədiyini deyən S. Novruzov İctimai Palatanın Bibiheybətdə aksiya üçün ayrılan yerdən imtina etməsinin səbəbini anlamadıqlarını vurğulayıb.

YAP rəsmisi təmsil etdiyi partiyanın radikal müxalifətlə dialoq aparmaq niyyətində olmadığını da bəyan edib: «Parlamentdə təmsil olunan müxalifət partiyaları ilə müxtəlif məsələləri birgə müzakirə edir, fikir mübadiləsi aparırıq. Azərbaycanın taleyüklü məsələləri müzakirə olunur. Radikal mövqe tutanlarla heç bir dialoq olmaycaq. Onlar ancaq düşmənçilik mövqeyi nümayiş etdirirlər».

15 Aprel, 2011  21:32 Baxılıb: 1175

Bu bölmədə