Simsar.az | bizi özünüzə Simsar bilin
Müdafiə Nazirliyinin yeni laboratoriyası açıldı

Əsgərlər arasında xəstəliklərin monitorinqi aparılacaq

Aprelin 12-də Azərbaycan Müdafiə Nazirliyinin Bakı şəhərində xəstəliklərin monitorinqinin aparılması üçün yüksək müasir standartlara cavab verən laboratoriyasının açılışı olub. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin rəhbəri Ken Mayers və Azərbaycanın hökumət rəsmiləri iştirak ediblər. 

Obyektin tikintisi ABŞ Müdafiə Departamentinin Bioloji Birgə İştirak Proqramının (BBİP) ikitərəfli əməkdaşlıq çərçivəsində ABŞ hökuməti tərəfindən maliyyələşdirilib.

Mərasimdə çıxış edən M. Brayza laboratoriyanın açılışını alqışlayaraq, bunu ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin rəmzi adlandırıb: “Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün amerikalı və azərbaycanlı yüksək vəzifəli dövlət rəsmiləri və ekspertlər birgə işləyərək Azərbaycanın imkanlarını daha da gücləndirirlər. Biz gələcəkdə də bu sahədə əməkdaşlığımızı gücləndirmək niyyətindəyik. Birləşmiş Ştatlar səhiyyənin gücləndirməsi sahəsində azərbaycanlı tərəfdaşlarına dəstək göstərməsinə hazırdır”.

Səfirlikdən verilən məlumatda o da bildirilir ki, ABŞ-Azərbaycan əməkdaşlığının nəticəsi olaraq Dövlət Baytarlıq Xidməti, Səhiyyə və Müdafiə Nazirlikləri üçün Azərbaycanın müxtəlif yerlərində 10 Epidemioloji Monitorinq Stansiyası tikilib. Müdafiə Nazirliyinin Epidemioloji Monitorinq Stansiyasının tikintisində isə 1 milyon dollardan çox vəsait sərf olunub. Bu, BBİP çərçivəsində istifadəyə verilmiş birinci laboratoriyadır. BBİP laboratoriyalar Azərbaycanda tam şəkildə fəaliyyətə başlayandan sonra qısa müddətdə xəstəliklərlə bağlı məlumatları yerli və ümumrespublika laboratoriyalarına çatdıracaq.

Ölkə, region və rayon səviyyəsində xəstəliklərə nəzarət və diaqnostika imkanlarının gücləndirilməsi məqsədilə ABŞ Müdafiə Departamenti proqramı çərçivəsində Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Özbəkistan və Ukrayna hökuməti ilə tərəfdaşlıq edir. Xəstəliklərin monitorinq və hesabatının gücləndirilməsi, xəstəliklərin qarşısının alınması, potensial olaraq yerli əhali və kənd təsərrüfatına zərər gətirə bilən xəstəliklərin yayılması təhlükəsi barədə həyəcan siqnalının tez çatdırılmasına əmin olması bu və başqa milli şəbəkələr tərəfdaşların sistemləri ilə bağlantı yaradacaq.

12 Aprel, 2011  19:33 Baxılıb: 1209

Bu bölmədə