Simsar.az | bizi özünüzə Simsar bilin
Çingiz Qənizadə: “Dövlət Departamenti ədalətsizlik edib”

“Amerikalı, ingilis, fransız istəmir ki, Azərbaycanda mitinqlər normal keçsin”

“ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində həqiqətə söykənməyən, həddindən artıq şişirdilmiş məqamlar çoxdur. Məsələn, hesabatda qeyd olunur ki, guya mediada və siyasi fəaliyyətdə sərt məhdudiyyətlər var, hökumət siyasi opponent hesab etdiyi şəxslərin məhkəməsiz həbs olunması hallarını davam etdirir. Əslində, bu, tamamilə ədalətsiz yanaşmadır”.

Bu fikirləri Azərbaycan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Çingiz Qənizadə YAP-ın saytına müsahibəsində səsləndirib.

Ç.Qənizadə hesab edir ki, məhkəmənin qərarı olmadan hüquq normalarında nəzərdə tutulan saatdan artıq heç kim polis orqanlarında saxlanılmır. Bu faktın hesabatda əksinin tapmadığına diqqət çəkən deputat Dövlət Departamentinin hesabatını söz yığını adlandırır: “Azərbaycanda dini azadlıqlar da məhdudlaşdırılmır. Bütün dünya bilir ki, Azərbaycan ən böyük tolerant ölkədir. Bu gün ölkəmizdə katoliklərin, xristianların kilsələri, sinaqoqlar fəaliyyət göstərirsə, hansı məhdudiyyətdən danışmaq olar? Həbsxanalarla bağlı deyilənlər də ədalətsizdir. Bu gün Kürdəxanı təcridxanası Avropada nümunə göstərilən təcridxanalardan biridir. Hazırda ədliyyə sistemində aparılan islahatlar onu göstərir ki, hesabatdakı məqamlar reallığı əks etdirmir. Amma bu məlumatları hardan alırlar?”

Ç.Qənizadə jurnalist-məmur münasibətləri ilə bağlı hesabatda qeyd olunan məqamlara da münasibət bildirir: “Mediada gedən yazılara qarşı qolumuzu çırmalayıb zor tətbiq etməməliyik ki? Əgər məmur məhkəməyə müraciət edirsə və problemi məhkəmə yolu ilə həll edirsə, bunun mənfi hal kimi qabardılması ədalətsizlikdir. Kimsə özünün hüququnu və şərəfini qorumaq üçün məhkəməyə müraciət edirsə, biz bunu alqışlamayıq ki, problem qanundan kənar yox, qanuni yolla həll olunur”.

Deputat müsahibəsində Fəvvarələr meydanında mitinq keçirməyin düzgün olmadığını da deyir: “Hesabatda yazılır ki, guya müxalifətin mitinq cəhdi zamanı 169 şəxs həbs olunduqdan sonra işgəncələrə məruz qalıblar. Küçələrdə icazəsiz aksiyalar zamanı saxlanılarkən ola bilər ki, kimlərəsə qarşı müəyyən sərtlik olsun. Amma onlar polis məntəqəsinə təhvil verildikdən, istintaq təcridxanasına göndərildikdən sonra bir faktı göstərə bilməzlər ki, orada zorakılığa məruz qalıblar.
Amerikalı, ingilis, fransız istəmir ki, Azərbaycanda mitinq və digər aksiyalar normal keçsin. Onların hamısının bir bəlası var: Dağlıq Qarabağ məsələsi ermənilərin xeyrinə həll olunsun. Bu məsələdə iqtidar-müxalifət olmamalıdır. Erməni dəyirmanına su tökmək bizim ziyanımızadır. Beynəlxalq qərarlar bizim xeyrimizə olsa da, əməli tədbirlər görülmür. Bu amil həmin dövlətlərin mahiyyətini açıq şəkildə ortaya qoyur.

Anar

12 Aprel, 2011  17:58 Baxılıb: 1743

Bu bölmədə