Simsar.az | bizi özünüzə Simsar bilin
Dəniz baykalın özü namizəd oldu, yaxınları kənarda qaldı

Türkiyədə millət vəkilliyinə namizədlərin kimliyi bilindi

Türkiyədə iyunun 12-də keçiriləcək parlament seçkilərinə qatılacaq siyasi partiyalar namizədlərinin siyahısını Yüksək Seçim Kuruluna (Mərkəzi Seçki Komissiyası) təqdim ediblər.

APA-nın xəbərinə görə, hazırkı parlamentdə təmsil olunan Ədalət və İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat (MHP) partiyaları siyahılarını bu gün yerli vaxtla saat 16.00-da YSK-ya göndəriblər.

AKP-də indiki nazirlərin hamısı yenidən namizəd göstərilib. Sürpriz namizədlər keçmiş futbol ulduzu Hakan Şükür və türk millətçilərinin əfsanəvi lideri Alparslan Türkeşin kiçik oğlu Əhməd Türkeşdir. (Alparslan Türkeşin böyük oğlu Toğrul Türkeş isə MHP-dən namizəddir). H. Şükür və Ə. Türkeş İstanbuldan namizəd göstəriliblər və adları siyahıda üst sıradadır. Hər ki şəxsin millət vəkili seçiləcəyi şübhə doğurmur.

Ən çox dəyişiklik CHP-də baş verib. Partiyanın sabiq lideri Dəniz Baykala yaxın olan şəxslərin böyük əksəriyyətinin namizədliyi irəli sürülməyib. D. Baykal özü isə vətəni Antalyadan namizəd göstərilib. Partiyanın indiki parlament qrupunda təmsil olunan keçmiş səfirlər Şükrü Ələkdağ və Onur Öymən bu dəfə millət vəkili ola bilməyəcəklər. Onları Türkiyənin Azərbaycandakı və ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu və Fransadakı sabiq səfir Osman Korutürk əvəzləyəcək. CHP terror təşkilatı olduğu iddia edilən “Ergenekon” işi üzrə həbs olunmuş 2 tanınmış simanı da namizəd göstərib. “Cumhuriyet” qəzetinin yazarı Mustafa Balbay və dünya şöhrətli həkim, professor Mehmet Haberal CHP sıralarından millət vəkilliyinə namizəd olublar. Hər iki şəxsin də seçilərək həbsxanadan birbaşa parlamentə yollanacaqları gözlənilir.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədlər siyahısında isə yenilik çox azdır. MHP indiki millət vəkillərinin böyük əksəriyyətini yenidən namizəd göstərib. Əsas yenilik Türk Tarix Qurumunun keçmiş rəhbəri, professor Yusuf Halaçoğlunun namizədliyidir. Azərbaycanın yaxın dostu olan, ömrünü “erməni soyqırımı” yalanı ilə mübarizəyə həsr etmiş Y. Halaçoğlu Kayseri şəhərindən 1-ci sıradan namizəd göstərilib və millət vəkili seçiləcəyi indidən bəllidir.

Etnik kürdlərin Barış və Demokratiya Partiyası (BDP) isə 10 faizlik minimum baryeri keçə bilməyəcəyi üçün partiya halında seçkiyə qatılmayacaq. BDP ötən seçkilərdə olduğu kimi, yenə müstəqil namizədlərlə seçkidə iştirak edəcək.

12 Aprel, 2011  03:20 Baxılıb: 1323

Bu bölmədə