Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifətdən növbəti istefalar xəbəri yayıldı

AzərTAc Şirvan, Saatlı və İmişli müxalifətinin bəyanat verdiyini iddia edir

Şirvan şəhərində İctimai Palatada təmsil olunan müxalifət partiyalarından 29 nəfər, o cümlədən AXCP-dən 20, Müsavat Partiyasından 5, Klassik Xalq Cəbhəsi Partiyasından 2, AMİP-dən 1 nəfər və Azərbaycan Xalq Partiyası Şirvan şəhər şöbəsinin sədri Sahir Bayramov üzv olduqları partiyalardan istefa veriblər. Məlumatı AzərTAc yayıb. 

Saatlı rayonunda isə radikal müxalifət partiyaların ictimai-siyasi sabitliyin pozulmasına yönələn qanunazidd hərəkətlərinə etiraz əlaməti olaraq 7 nəfər AXCP, 5 nəfər Müsavat Partiyasının üzvü təmsil olunduqları partiyaların sıralarını tərk edib və bu barədə bəyanat veriblər.

İmişli rayonunda da Müsavat, AXCP, AMİP və AXP üzvlərinin bir qrupu bəyanat verib. Müşfiq Əkbərov, Söbəddin İbadov, Mehdi Alışov (Müsavat Partiyası), Gürşad Əsədov, Sahil Əliyev (AXCP), Anar Ələsgərov (AMİP) və Ülfət Şükürovun (Azərbaycan Xalq Partiyası) imzaladıqları bəyanatda deyilir: ”İctimai Palata adlanan quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının aprelin 2-də Bakı şəhərində qeyri-qanuni mitinq keçirməyə cəhd göstərməsi, heç bir demokratik prinsiplərə və insanlığa yaraşmayan hərəkətlərə yol verməsi bütünlükdə ölkə ictimaiyyəti kimi, bizim də dərin hiddətimizə səbəb olub. Cəmiyyətə açıq hörmətsizlik ifadə edən belə hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə ciddi ziyan vurulub. İndiyə qədər təmsil olunduğumuz müxalifət partiyalarının bu radikal hərəkətləri artıq bizi ayıldıb. Biz indi əsl həqiqəti başa düşmüşük və belə hesab edirik ki, bundan sonra belə insanların arasında bizə yer yoxdur. Əli Kərimlilərin, İsa Qəmbərlərin radikal partiyalarında təmsil olunmaq bizə heç vaxt başucalığı gətirməyəcək. Ona görə də bəyanat verərək bu partiyaların sıralarını tərk etdiyimizi bildiririk”.

11 Aprel, 2011  20:24 Baxılıb: 1266

Bu bölmədə