Simsar.az | bizi özünüzə Simsar bilin
Çörək istehsalında müasirləşmə

“Dvorak – engineering” şirkəti tərəfindən müasir çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilib

“Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda ölkədə etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə verilmiş tapşırıqlara uyğun olaraq, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasında güzəştli kreditlərdən səmərəli istifadə olunur”. Bu məlumat Simsar.az-a İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətindən daxil olub. 

Məlumatda daha sonra göstərilir ki, müasir standartlara cavab verən çörək istehsalı müəssisələrinin yaradılması üzrə sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş illik istehsal gücü 89,8 min ton çörək istehsalı olan 8 investisiya layihəsinə Fond tərəfindən 6,3 mln. manat güzəştli kredit ayrılıb. Bu layihələrdən 4-ü Bakı şəhərində, 4-ü isə regionlarda həyata keçirilir.

Bu layihələrdən olan əsas hissəsi güzəştli kreditlər hesabına olmaqla Bakının Bakıxanov qəsəbəsi ərazisində yerləşən illik istehsal gücü 29,2 min ton çörək istehsalı olan “Sərham” MMC-nin yeni istehsal sahəsi istifadəyə verilmişdir. İki müəssisədə avadanlıqların quraşdırılması prosesi başa çatmaq üzrədir. Digər 5 müəssisədə isə tikinti işləri aparılır.

Azərbaycanda çörək istehsalı ilə məşğul olan sahibkarları müasir texnologiyalarla tanış etmək, eləcə də yeni texnologiyaların tətbiq olunması prosesini sürətləndirmək məqsədilə aprelin 11-də Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və Çexiyanın “Dvorak - engineering” şirkətinin nümayəndələrinin iştirakı ilə müasir standartlara cavab verən çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda sahibkarlığın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi tədbirlərindən danışaraq, ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.

“Dvorak-engineering” şirkətinin rəhbəri Yaroslav Dvorakın təqdimatında şirkətin müasir texnologiyaların tətbiqinə əsaslanan çörək və un məmulatları istehsal edən avadanlıqları, onların əsas texniki-iqtisadi göstəriciləri (proseslərin tam avtomatlaşdırılması, asan idarə olunma, enerjiyə qənaət, səmərəlilik, keyfiyyətlilik, ekoloji, sanitar-gigiyenik və s.) haqqında sahibkarlara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Simsar.az



11 Aprel, 2011  19:17 Baxılıb: 1428

Bu bölmədə