Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

APA-nın partiyanın internet saytına istinadən verdiyi məlumata görə, müşavirədə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, YAP-ın ictimai-siyasi proseslərdə iştirakı və digər məsələlərlə bağlı fikirlərini bildirib. Ə.Əhmədov qeyd edib ki, bu gün ölkəmizdə həyata keçirilən prezident proqramları nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dəyişir, müasirləşir, insanların həyatının keyfiyyəti yüksəlir. Onun sözlərinə görə, prezidentin siyasətinin uğurları Azərbaycan vətəndaşlarında YAP-a inam və etimadı daha da gücləndirir: “Ötən ilin noyabr ayında ölkəmizdə keçirilən parlament seçkilərinin nəticələri bu fikri bir daha təsdiqləyir. Hesab edirəm ki, bu yüksək nəticənin əldə olunmasında yuxarıda qeyd etdiyim səbəblə yanaşı YAP üzvlərinin fədakarlığı, o cümlədən partiyamızın yerli strukturlarının səmərəli fəaliyyəti də vacib rol oynayıb. Biz ənənəvi olaraq bu cür müşavirələri keçirib görülən işlərə münasibət bildirir, eləcə də, qarşııda duran vəzifələri müzakirə edərək gələcək addımlarımızı müəyyən edirik”. 

Cəmiyyətdə YAP-a böyük etimadın olduğunu vurğulayan Ə. Əhmədov bu etimadın partiyanın sıralarının artmasında da özünü açıq şəkildə göstərdiyini qeyd edib. Ə. Əhmədovun sözlərinə görə, hazırda partiya üzvlərinin sayı 530 min nəfərdən çoxdur. Bu göstərici insanların prezident İlham Əliyevin siyasətinə və onun rəhbərlik etdiyi partiyaya olan dərin inamının bariz nümunəsidir. YAP sədrinin müavini bildirib ki, prezident İlham Əliyevin siyasətinin məqsədi Azərbaycanı zəngin, qüdrətli və firavan dövlətə çevirməkdən ibarətdir. Bu mənada qarşıdakı dövrdə də böyük tədbirlər, proqramlar, layihələr həyata keçiriləcək.

Müşavirədə həmçinin, qarşıda duran vəzifələrə dair geniş fikir mübadiləsi aparılıb, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verilib. Tədbirdə YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.

9 Aprel, 2011  23:49 Baxılıb: 1423

Bu bölmədə