Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Əhmədovdan açıq və sərt müsahibə

YAP-ın sədr müavini müxalifətin, beynəlxalq təşkilatların və Metyu Brayzanın hərəkətini analiz etdi 

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov patiyanın saytına müsahibə verib. YAP sədrinin müavini razılaşdırılmamış aksiya keçirən müxalifət qüvvələrinin hansı niyyət güddüklərini belə izah edib: 

“Həmin qüvvələr daha çox Azərbaycanda guya kütləvi aksiyalara və sərbəst toplaşmaq hüququna bir qadağanın qoyulması mənzərəsini yaratmaq niyyəti güdürlər. Öz qəzetlərində verdikləri şəkillərdə müxalifətin funksionerlərindən olan Arif Hacılını polis qanuni əsasda hadisə yerindən kənarlaşdırdığı məqamlar da yer alıb. Şəkildən aydın görünür ki, polis Arif Hacılını hadisə yerindən ədəb - ərkanla kənarlaşdırmağa çalışır, o isə özü öz yaxasını cırır. Bunu ona görə edir ki, jurnalistlər onun belə görüntülərini çəkib yaysınlar. Bununla da, müxalifətçi guya polis tərəfindən ona qarşı hər hansı bir sərt təzyiq göstərildiyi mənzərəsini ortaya qoymaq istəyir. Amma, deyəsən, Arif Hacılı bunu ustalıqla edə bilməyib, kadrda tamam başqa mənzərə alınıb”.

İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqdə yaşanan hadisələrlə bağlı beynəlxalq təşkilatlar, o cümlədən, ABŞ-ın ölkəmizdəki səfirliyinin bəyanatla çıxış etməsinə münasibət bildirən Ə.Əhmədov bu bəyanatları dövlətin daxili işinə qarışmaq kimi dəyərləndirib:

“Azərbaycan dünya birliyinin üzvüdür və bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Eyni zamanda, həmin təşkilatların üzvü olaraq Azərbaycan öz üzərinə müəyyən öhdəliklər götürüb və həmin öhdəlikləri də yerinə yetirir. Azərbaycan dünyanın bir parçasıdır və dünyada baş verən hadisələr hər bir ölkəyə olduğu kimi Azərbaycana da təsir göstərir. Həmçinin, zaman dəyişir, həyat inkişaf edir, yeni-yeni dəyərlər meydana gəlir və hər bir ölkə kimi Azərbaycan da bu dəyişikliklərə uyğunlaşmalıdır. Bunlar həyatımızın gerçəklikləridir. Bu reallıqlardan kənarda yaşamaq, bunları inkar etmək mümkün deyil. Son zamanlara qədər beynəlxalq münasibətlərdə hər bir dövlətin və hər kəsin hörmətlə yanaşdığı suverenlik, müstəqillik, bir dövlətin başqa dövlətin daxili işlərinə qarışmaması prinsipləri üstünlük təşkil edirdi. Və bu, bütövlükdə beynəlxalq aləmdə çox vacib ahəngdarlığı yaratmaq mexanizmi kimi fəaliyyət göstərirdi. Amma son vaxtların hadisələri göstərir ki, haqqında söhbət gedən dəyərlər ciddi şəkildə aşınmaqdadır. Dövlətlərin daxili işlərinə qarışmamaq, suverenlik və müstəqillik artıq beynəlxalq münasibətlərin pozulmayan dəyəri kimi fəaliyyət göstərməkdə çox ciddi çətinliklərlə üzləşib. Məsələn, bu və ya digər ölkələrin daxili işlərinə qarşımaqdan ötrü insan haqları, demokratiya kimi ümumbəşəri dəyərlərdən sui-istifadə edilir. Ayrı-ayrı xalqların müstəqil şəkildə öz iradələrini ifadə etməsinə əngəllər törədilir. Bunun üçün isə müxtəlif bəhanələr axtarılıb tapılır. Müxtəlif bəhanələrdən istifadə edərək ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxilə edilir və onların bəzi hallarda zorla siyasi quruluşlarının dəyişdirilməsi istiqamətində addımlar atılır. Mən bu barədə müasir dünya tarixindən kifayət qədər nümunələr gətirə bilərəm. Fikrimcə, bunu xüsusi izah etməyə elə bir ehtiyac yoxdur.
Məqsədimiz ondan ibarət olmalıdır ki, müasir dünyanın və beynəlxalq icmanın tərkib hissəsi kimi Azərbaycan sivil norma və qaydaları qəbul edib ardıcıl surətdə bundan sonra da həyata keçirmək yoluna davam etsin. Şübhə yoxdur ki, belə də edəcəkdir. Kimin necə bəyanat səsləndirməsindən asılı olmayaraq bu, belədir. Digər tərəfdən, beynəlxalq icma, o cümlədən bütün dövlətlər və bütün xalqlar, həm də ona çalışmalıdırlar ki, ayrı-ayrı beynəxalq güclər dövlətlərin daxili işlərinə qarışmaq imkanlarına malik olmasınlar. Beynəlxalq icma, ilk növbədə BMT bu və ya digər dövlətin başqa bir dövlətin işlərinə qarışmaq imkanlarının qarşısını qətiyyətlə almalıdır. Əgər bu imkandan istifadə edilməsə, beynəlxalq güclərin dövlətlərin daxili işlərinə kobud surətdə qarışması davam etsə, dünyada sabitliyi qoruyub saxlamaq çətin olacaq. İndi dünya çox ağrılı dəyişikliklər mərhələsini yaşamaqdadır. Hər şeydən əvvəl, dediyim kimi, dəyərlər dəyişir, bunun ardınca isə hərəkətlər gəlir. Bu günə qədər mövcud olan dəyərlər xoşagəlməz hərəkətlərin qarşısını müəyyən qədər alırdı. İndi dəyərlər dəyişəndən sonra artıq müdaxilələr, zor tətbiq etmək, bu və ya digər dövlətlərə və onun xalqına ayrı-ayrı iradələrin qəbul etdirilməsi cəhdləri genişlənəcək. Bu mənada hesab edirəm ki, dünya birliyi, bütün dövlətlər və onların xalqları ayıq-sayıq olmalı, öz taleyini, öz siyasi seçimini etmək hüququna sahib olmalıdır, bu hüquqları həyata kesirmək mexanizmini əllərində saxlamalıdırlar”.

YAP-ın icraçı katibi ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın keçmiş fəaliyyətinə də toxunub:

“Metyu Brayza Azərbaycana səfir təyin olunmazdan əvvəl ABŞ-ı Minsk qrupunda təmsil edib, lakin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, təcavüzkarın öz adı ilə çağrılması yönündə yaddaqalan bir bəyanat səsləndirə bilməyib. Azərbaycanı, onun müasir tarixini və indisini gözəl bilən bir insan kimi indi onun nə qədər mənəvi haqqı var ki, Azərbaycanın daxili işləri ilə bağlı qərəzli bəyanatlar səsləndirir.? Qoy bu suala özü öz vicdanı qarşısında cavab versin”.

Anar

9 Aprel, 2011  19:59 Baxılıb: 1271

Bu bölmədə