Simsar.az | bizi özünüzə Simsar bilin
Mətbuat Şurasında baş tutan görüşdə jurnalistikanın vəziyyəti müzakirə olunub

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrindən ibarət “Gənc Reportyorlar Klubu” bu günlərdə Azərbaycan Mətbuat Şurasının qonağı olub

MŞ sədri Əflatun Amaşov klub üzvlərini qəbul edib. Görüşdə BDU-nun Jurnalistika kafedrasının müdiri, professor Cahangir Məmmədli də iştirak edib.
MŞ sədri Əflatun Amaşov öncə Mətbuat Şurasının yaranma tarixi, məqsəd və vəzifələri, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verib.

O, “Gənc Reportyorlar Klubu”nun fəaliyyətinə varislik prizmasından yanaşaraq Azərbaycan mətbuatının mövcud problemlərinə də toxunub: “Hazırda ölkə mətbuatının əsas problemlərindən biri də jurnalist təhsilinin kifayət qədər yüksək səviyyədə aparılmamasıdır. Mətbuat Şurası mütəmadi olaraq bu məsələni diqqətdə saxlayır, onun həlli istiqamətində tədbirlər həyata keçirməyə çalışır. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi xüsusilə vacibdir.”

Şura sədri çıxışında jurnalistika fakültəsinə tələbə qəbulunun qabiliyyət imatahanları əsasında aparılmasıyla bağlı məsələyə də toxunub. O bununla əlaqədar Şura tərəfindən müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edildiyini vurğulayıb.

BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli də öz növbəsində “Gənc Reportyorlar”ın təşəbbüslərini, onların fəaliyyətini yüksək dəyərləndirib. Professor gənc jurnalistlərə peşə fəaliyyətlərində daim obyektiv olmağı, jurnalistikanın təməl prinsiplərini əsas götürməyi tövsiyə edib: “Klubun keçirdiyi bir sıra görüşlər özünün keyfiyyəti və səmərəsilə tələbə səviyyəsindən xeyli yüksəkdə dayanır. Yaranmasında və fəaliyyətində mənim də məsləhətlərimin nəzərə alınmasından çox məmnunam”.

“Gənc Reportyorlar Klubu” nun sədri Məmməd Ağayev Mətbuat Şurası rəhbərliyinə səmimi söhbətlərə və dəyərli məsləhətlərə görə tələbə jurnalistlərin minnətdarlığını çatdırıb: “Klubumuz yarandığı gündən bu dəstəyin daim əyani nümunələrini görmüşük. Bu isə “Gənc Reportyorları” MŞ ilə birgə yeni layihələr reallaşdırmağa, daha sıx əməkdaşlığa həvəsləndirir.”

Görüş bundan sonra tələbələrin Şura sədri ilə suallar-cavabları və müzakirələr formatında davam edib. Mətbuatın siyasi prosesləri işıqlandırması haqda sualları cavablandıran Ə.Amaşov bildirib : “Jurnalist hər yerdə, hər zaman obyektivliyini qorumalıdır. O, siyasi prosesləri siyasətçi kimi yox, media kimi izləməli və peşə prinsiplərinə daim sadiq qalmalıdır. Əks təqdirdə o, siyasi oyunların vasitəsinə çevrilər, jurnalistikadan tamam uzaqlaşa bilər”

Gənclər jurnalistika fakültəsində təhsillə bağlı problemləri də dilə gətiriblər. Tələbələri narahat edən problemlər sırasında jurnaslitikaya aid Azərbaycan dilində elmi ədəbiyyatın məhdudluğu, jurnalistlərin praktik vərdişlərinin artırılması məqsədilə təcrübə kurslarının məhdudluğu kimi məsələlər polemikalarda ifadəsini tapıb.
Görüş, Mətbuat Şurası tərəfindən “Gənc Reportyorlar”çulara press köynəklərin verilməsi və xatirə şəkllərinin çəkilməsi ilə yekunlaşıb.

Anar

9 Aprel, 2011  18:10 Baxılıb: 1326

Bu bölmədə