Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Administrasiyasından ATƏT-in bəyanatına sərt tənqid

Novruz Məmmədov: “ATƏT-in Daimi Şurasının həqiqətə uyğun olmayan bəyanat verməsi təəssüf və təəccüb doğurur”

“2 aprel aksiyası ilə bağlı ATƏT-in Daimi Şurasının bəyanatını, çox təəssüflər olsun ki, ədalətli, qərəzsiz hesab etmək mümkün deyil”. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Daimi Şurasının 2 aprel aksiyası ilə bağlı bəyanatını APA-ya belə şərh edib. 

“Birincisi, ona görə ki, radikal müxalifətin keçirdiyi aksiya, heç də qeyd edildiyi kimi, dinc aksiya olmayıb. Bu aksiya daha çox provokasiya məqsədi daşıyırdı. Aksiya keçirənlər kiçik qruplarla şəhərin izdihamlı küçə və meydanlarında diqqəti cəlb edərək hüquq-mühafizə orqanlarının nümayəndələrini qeyri-qanuni, təhrikedici hərəkətləri ilə təxribata çəkmək üçün bütün addımları atırdılar. Onların bu niyyəti baş tutmadı.

Jurnalistlərin fəaliyyətinə gəldikdə isə, deyilənlər də həqiqətə uyğun deyil. Azərbaycanda jurnalistlərin öz peşələri ilə sərbəst məşğul olmaq imkanları var və onlar bu imkanlardan tam istifadə edirlər.

İkincisi isə, bəyanatda heç xatırlamaq belə istəmirlər ki, aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir neçə yer ayrılmışdır. Dinc aksiya keçirmək istəyənlər şəhərin insanların sıx olduğu yerlərdə yox, onlara ayrılmış yerdə toplaşaraq mövqelərini bildirə bilərdilər. Lakin göründüyü kimi aksiya keçirənlərin niyyətləri başqa idi.

Nəhayət, ATƏT-in Daimi Şurasının dərhal belə, real prosesləri əks etdirməyən, həqiqətə uyğun olmayan bəyanat verməsi bir tərəfdən təəssüf və təəccüb doğurur, digər tərəfdən isə Azərbaycanda iqtidarla müxalifət arasında əməkdaşlıq ruhuna mənfi təsir göstərərək gərginlik yaratmağa xidmət edir”.

9 Aprel, 2011  01:41 Baxılıb: 1274

Bu bölmədə