Simsar.az | bizi özünüzə Simsar bilin
Əbülfəs Qarayev:“Dağlıq Qarabağa getməyin”

“Çünki ora Azərbaycan torpağıdır və bu səfərlər qanunsuzdur”

“Azərbaycanda keçirilən birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu çox yüksək qiymətləndirirəm. Bu forumun xüsusi əhəmiyyəti var. Forum ənənəvi olaraq, Azərbaycanda keçiriləcək”. 

Simsar.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bu forumun hazırlanmasında, ictimaiyyət arasında maraq oyatmasında Azərbaycan mediasının rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, forum çərçivəsində “Mədəniyyətlərarası dialoq forumunda medianın rolu”na həsr olunmuş xüsusi bir panel keçiriləcək və müzakirələr olacaq: “Bu gün Mədəniyyətlərarası Dialoq Forumu qapalı şəkildə keçməməlidir və maraqlı bir mövzu olaraq geniş ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır. İnsanlar bilməlidirlər ki, yalnız qarşılıqlı mədəni sərvətlərə hörmətlə yanaşaraq, bəşəriyyətin daha sağlam, sülhsevər, əmin-amanlıq şəraitində yaşamasını təmin edə bilərik”.


Əbülfəs Qarayev Xankəndində turizm mərkəzlərinin yaradılması və gələcəkdə ora turistlərin cəlb olunması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Bunların heç biri bizim üçün yeni deyil. Biz daim mübarizə aparırıq. Beynəlxalq sərgilərdə Ermənistan stendlərində Dağlıq Qarabağı da öz ərazisi kimi təqdim edir. Guya oraya səfərlər təşkil edirlər. Kim ora gedəcək? Erməni diasporunun böyük imkanları var, belə səfərləri təşkil etmək prinsipcə mümkündür. Lakin bu, beynəlxalq qanunlara ziddir. Tam əminik ki, Ümumdünya Turizm Təşkilatı bu hərəkətlərə pisləmə nöqteyi-nəzərindən yanaşır, bizim mövqeyimizi dəstəkləyir. Sadəcə olaraq, Azərbaycanın mədəniyyət və turizm naziri vəzifəsini icra edən şəxs kimi bütün dünyanın turistlərinə tövsiyə verə bilərəm ki, Dağlıq Qarabağa getməsinlər, çünki ora Azərbaycan torpağıdır və onların ora getməsi qanunsuzdur”.

7 Aprel, 2011  22:15 Baxılıb: 1352

Bu bölmədə