Simsar.az | bizi özünüzə Simsar bilin
Çingiz Abdullayevin doğum günüdür

Məşhur yazıçının 52 yaşı oldu

Bu gün populyar yacıçı Çingiz Abdullayevin doğum günüdür.

Simsar.az bildirir ki, Ç. Abdullayev 1959-cu il aprelin 7-də Bakıda ziyalı ailəsində anadan olub. 189 saylı şəhər məktəbini bitirib (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub . Sonra Azərbaycan Kommunist Partiyası Bakı şəhəri təşkilatlarında müxtəlif vəzifələr tutub.

Beynəlxalq təcavüz problemi mövzusunda dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb (1988). Polşanın Krakov universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib (1991). Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi mövzusunda doktorluq dissertasiyası müdafıə edib (1991).

Ç.Abdullayev ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrında yazdığı hekayələrlə müntəzəm çıxış edir. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun əsərləri Almaniyada, İrlandiyada, Fransada, Rusiyada və b. ölkələrdə kütləvi tirajla nəşr edilib. İndiyə qədər 600-dən çox kitabı 20 milyon nüsxə ilə yayılıb. Bu nəşrlər onu siyasi detektiv janrında rus dilində yazan populyar müasir yazıçı kimi tanıtdırıb. Yazıçının “Sonuncu divarın daşları”, “Saturnun tövbəsi”, “Göy mələklər”, “Qatil üçün Qran-Pri” və onlarla digər romanının milyonlarla oxucusu olub. Onun əsərləri əsasında filmlər çəkilib.

Ç.Abdullayev xidmətlərinə görə Qırmızı Bayraq ordeni və medallarla təltif olunub. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində dünyanın bir sıra ölkələrində səfərdə olub.Yazıçı iki il əvvəl doğum günündə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

7 Aprel, 2011  19:23 Baxılıb: 1631

Bu bölmədə