Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident kimliyimizi bir daha bəyan etdi

“Azərbaycanda hər kəs bir ailə kimi yaşayır”

Bu gün Bakıda işinə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycanla bağlı tanıtım filminin nümayişindən sonra prezident İlham Əliyev çıxış edib. Prezident
bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin tarixi-mədəni köklərinin olduğunu qeyd edib: “Azərbaycanda hər kəs bir ailə kimi yaşayır. Burada milli və dini zəmində nəinki qarşıdurma, hətta anlaşılmazlıq belə olmayıb. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyin təmin olunması ilə bağlıdır. Biz Azərbaycan dövləti olaraq, buna üstünlük veririk ki, Azərbaycanda milli və dini dözümlülük təmin olunsun. Azərbaycan bu formatda dünyaya örnək ola biləcək ölkələrdən biridir. Burada istənilən dinin nümayəndələri, milli müxtəlifliyə məxsus insanlar bərabər şəkildə yaşayırlar. Onların dini ibadətləri üçün hər cür şərait yaradılır. Bunu zaman-zaman Azərbaycana səfər edən şəxslər də təsdiqləyirlər”.

Prezident bildirib ki, Azərbaycan bu təcrübənin dünyaya yayılmasını, dünyanın hər yerində insanların ayrı-seçkilik qoyulmadan bir yerdə yaşamalarını istəyir. Dövlət başçısı qeyd edib ki, bu baxımdan bu cür forumların Azərbaycanda keçirilməsinin əhəmiyyəti var. 

İ. Əliyev Azərbaycanın İslam dünyasının tərkib hissəsi olduğunu bird aha xatırladıb: “Biz müsəlmanıq, Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi ölkədir. Biz milli-mənəvi dəyərlərimizə çox bağlıyıq, buna çox önəm veririk. Hətta müstəqillik dönəmində əvvəlki dövrdə belə Azərbaycan dini və milli dəyərlərini qoruyub saxlayıb”. 

Azərbaycan prezidenti 2018-ci ildə Azərbaycanın qədim şəhəri olan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsinin gözlənildiyini söyləyib: “Müsəlman ölkələri arasında Azərbaycan bir çox uğurlara imza atıb. Azərbaycan qadınları müsəlman şərqində ilk dəfə səsvermə əldə edib, Azərbaycan ilk dəfə səsvermə hüququnu tanıyan ölkədir. Şərqin ilk operası Azərbaycanda yazılıb. Azərbaycan, həmçinin müəyyən mədəni və siyasi ilklərə imza atmış ölkədir. Azərbaycan həm də Avropa Şurasının üzvüdür. Bu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqların keçirilməsi ilə qərblə şərqi, iki sivilizasiyanı birləşdirə biləcək ölkələrdən biridir. O cəhətdən bizim bu tipli tədbirləri keçirməyimiz təbii qarşılanmalıdır”. 

Dövlət başçısı qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın da müəyyən problemləri var: “Azərbaycan yeni müstəqillik qazanmış ölkədir. Bizim Dağlıq Qarabağ problemimiz var, biz etnik təmizləmədən əziyyət çəkmiş bir ölkəyik. Azərbaycanın 1 milyona qədər qaçqın və məcburi köçünü var, beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin böyük bir hissəsi hələ də işğal altındadır”. 

İşğal altında olan ərazilərlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin olduğunu, Avropa Şurasının, İslam Konfransı Təşkilatının verdiyi qərarları xatırladan prezident deyib ki, bütün bunlara məhəl qoyulmadan, Azərbaycan torpaqları hələ də işğal altında saxlanılır, 1 milyona qədər insan qaçqın, məcburi köçkün statusu ilə yaşayır: “Bütün bunlara baxmayaraq, biz münaqişənin sülh yolu ilə, beynəlxalq təşkilatların vasitəçiliyi ilə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapacağına ümid edirik. Buna görə danışıqları davam etdiririk”.

Dövlət başçısı müstəqilliyin ilk illərində Azərbaycanın ərazi problemi, Qarabağ münaqişəsi ilə üz-üzə qaldığını, ölkədə vətəndaş qarşıdurmasının baş verdiyini deyib: “Azərbaycanın müstəqilliyinin ilk illərində müəyyən parçalanma cəhdləri baş verib, müstəqilliyə qarşı çıxan insanlar, silahlı qruplaşmalar olub, Azərbaycan iqtisadi tənəzzül görüb. Azərbaycanda həmin illərdə çox ciddi iqtisadi problemlər var idi. Amma biz bütün bu problemləri həll edə bilmişik. Azərbaycan indi iqtisadi baxımdan inkişaf etmiş bir ölkədir. Bizim siyasi müstəqilliyimiz də var. Azərbaycan yaxşı bir modeldir. Azərbaycanda sabitlik var, ölkə sürətlə inkişaf edir”. 

Azərbaycanın inkişaf göstəriciləri barədə danışan dövlət başçısı ölkədə 900 min iş yeri açıldığını, ümumi daxili məhsulun həcminin artdığını, yoxsulluğun həddini kəskin azaldıldığını da xatırladıb. Azərbaycanın iqtisadi inkişafla, siyasi sabitliklə yanaşı, həm də milli və dini münasibətlərə həmişə diqqət yetirdiyini bildirən İ.Əliyev deyib ki, hər bir cəmiyyətin düzgün dini və milli siyasətinin olması vacibdir. Dövlət başçısı bildirib ki, Azərbaycanda dini və milli tolerantlığın olmasının əsas səbəbi ölkənin buna uyğun tarixi köklərinin olmasıdır: “Biz əsrlərlə dini və milli baxımdan heç bir problemlə üzləşmədən yaşamışıq. Azərbaycan dövlətinin indi apardığı siyasət də buna uyğundur. Milli və dini dözümlülüyün, milli birliyin olması üçün siyasət aparırıq. Azərbaycan hesab edir ki, bizim əsas gücümüz milli və dini birliyimizin olmasındadır. Biz istəyirik ki, bu təcrübə yayılsın. Hesab edirik ki, dünyada dözümlülük artırılmalıdır. Diskussiyalar bu istiqamətdə getməlidir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, xalqların bir-biri ilə bir yerdə, sakit, müharibəsiz yaşaya bilməsi üçün hansı işləri görək? Azərbaycan bu yolun tərəfdarı olduğunu görə bu kimi forumların təşkil olunması üçün daim çalışacaq. Biz bundan sonra da istərdik ki, bu kimi forumların keçirilməsi ənənə halını alsın”. 

APA

7 Aprel, 2011  17:22 Baxılıb: 1193

Bu bölmədə