Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalistin qətlinin "sirlər"i açılır

Ukraynada jurnalist Georgi Qonqadzenin qətli ilə bağlı yeni faktlar ortaya çıxıb

Ukrayna Baş Prokurorluğu vaxtilə prezident Leonid Kuçmanın mühafizəçisi işləmiş Nikolay Melniçenkonun təqdim etdiyi səs yazıları içərisində hazırda ölkə parlamentinin (Ali Radanın) spikeri olan Vladimir Litvinin və jurnalist öldürülən zaman Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Leonid Derkaçın səslərini də tanıyıb.

Qonqadze qətlə yetiriləndə Litvin Ukrayna Prezident Administrasiyasının rəhbəri olub.

Simsar.az -ın məlumatına görə, 2011-ci il aprelin 6-da baş prokurorun birinci müavini Renat Kuzmin jurnalistlərə deyib ki, prokurorluq Litvinlə Derkaçın jurnalistin qətlində iştirakını yoxlamağı planlaşdırır.

Kuzminin sözlərinə görə, Melniçenkonun təqdim etdiyi səs yazıları 2010-cu ilin payızında daha keyfiyyətli ekspertizadan keçirilib. Nəticədə Qonqadzenin ölümünü sifariş verən Kuçmanın daxili işlər naziri Yuri Kravçenko ilə söhbətini əks etdirən lent yazısının həqiqi olduğu da müəyyənləşib: “Biz Kuçma ilə Kravçenkoya aid lent yazısının montaj olmadığını müəyyənləşdirdik”.

Bir müddət əvvəl, Kuçmaya qarşı cinayət işi başlananda Melniçenko demişdi ki, Qonqadzenin qətlinin təşkilində Litvinin əli var. Melniçenkonun fikrincə, Litvin əvvəl Kuçmanı tələyə salmaq, sonra isə prezident olmaq istəyirmiş.

Litvin isə Kuçmaya qarşı iş qaldırılmasını şərh edərkən belə demişdi: “Mənə qarşı növbəti böhtan kampaniyası başlayıb”.

Georgi Qonqadze Leonid Kuçmanın prezidentliyi dövründə (1994-2005) rejimə müxalifətdə duran “Ukrainskaya pravda” internet qəzetinin redaktoru olub. O, 2000-ci il sentyabrın 16-da yoxa çıxıb. Həmin ilin noyabrında Taraşa şəhəri yaxınlığındakı meşədən Qonqadzenin başsız bədəni tapılıb.

Ukrayna Baş Prokurorluğu müəyyənləşdirib ki, qətli ölkənin Daxili İşlər Nazirliyinin departamentlərindən birinə rəhbərlik edən general Aleksey Pukaç və daha üç milis zabiti həyata keçirib. Onlar bunu daxili işlər naziri Yuri Kravçenkonun tapşırığı ilə ediblər. Kravçenko 2005-ci ildə ölüb. Rəsmi məlumata görə, o, intihar edib.

Kuçmanın prezidentliyi dövründə onun mühafizəçisi olmuş Melniçenko qətl sifarişinin dövlət başçısından gəldiyini iddia edir.

Kuçmanın mühafizəçisi işləyərkən Melniçenko gizlicə onun danışıqlarını, prezidentin kabinetində aparılan söhbətləri yazırmış. Çoxsaylı ekspertizalardan sonra Baş Prokurorluğun Qonqadzenin qətli ilə bağlı işdə maddi sübut kimi tanıdığı və mətni çap olunmuş lentlərin birində Kuçma Kravçenkoya Qonqadze ilə haqq-hesab çürütməyi tapşırır, digərində isə nazir prezidentə həmin tapşırığın yerinə yetirildiyini məruzə edir.

Baş Prokurorluq jurnalistin qətlində şübhəli bilinən keçmiş prezidentə qarşı cinayət işinə başlayıb. Ondan ölkəni tərk etməmək iltizamı alınıb.

7 Aprel, 2011  03:32 Baxılıb: 1228

Bu bölmədə