Simsar.az | bizi özünüzə Simsar bilin
Mitinqçilər Ombudsmana narazılıq etdi, polislər razılıq

Elmira Süleymanova baş prokuror və daxili işlər nazirinə müraciət edib: “Araşdırın”

Ombudsman Aparatı 2 aprel aksiyası ilə bağlı araşdırma aparıb. Ombudsman Aparatından simsar.az-a daxil olan məlumata görə, aksiya zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə qurumun nümayəndələri İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində, Səbail və Yasamal Rayon Polis idarələrinin müvəqqəti saxlanma təcridxanalarında, Bakı İstintaq Təcridxanasında olublar.

Aksiyada saxlanılanlarla söhbət zamanı Əhəd Məmmədli, Tural Abbaslı, İnqilab Kərimov, Tofiq Yaqublu və Məhəmməd Məcidli tutularkən döyüldüklərini söyləyiblər.

Hüquq müdafiəçisi Vidadi İsgəndərov səhhətində problemlərin olduğunu, Nəsimi Rayon Polis İdarəsində fiziki və psixoloji təzyiqlərə məruz qaldığını deyib, ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə görüşmək istədiyini bildirib.

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında Arif Hacılı ilə görüşüblər. Arif Hacılı tutularkən polis əməkdaşlarının zorakılığına məruz qaldığını bildirib. O, istədiyi qəzetlərin çatdırılmasında yardımçı olmağı xahiş edib.

Araşdırma zamanı Səbail Rayon Polis İdarəsinin təcridxanasında saxlanan, aprelin 2-dən tutulan Vüqar Nadir oğlu Qədirov və Eldar Hüseyn oğlu Hüseynov barəsində aprelin 5-dək tutma protokolunun olmadığı və hər hansı bir qərarın qəbul edilmədiyi müəyyənləşdirilib. Vüqar Qədirov artıq sərbəst buraxılıb.

Ombudsman Elmira Süleymanova baş prokurora və daxili işlər nazirinə məktubla müraciət edərək başçəkmə zamanı aşkar olmuş halları onların diqqətinə çatdırıb, tam və hərtərəfli yoxlanılmasını, təsdiq olunmuş hallar üzrə qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin hospitalında 2 aprel aksiyası zamanı xəsarət almış polislərlə də görüşüblər. Məlum olub ki, aksiya zamanı xəsarət almış 24 polis əməkdaşı bu hospitala yerləşdirilib, onlardan 11 nəfərinə ilkin yardım göstərilərək evə buraxılıb. 13 nəfər isə hospitalda saxlanılıb.


Polislər Ombudsman Aparatının əməkdaşları ilə söhbətdə göstərilən tibbi xidmətdən razılıqlarını bildirib, vəziyyətlərinin qənaətbəxş olduğunu söyləyiblər.

6 Aprel, 2011  23:26 Baxılıb: 1247

Bu bölmədə