Simsar.az | bizi özünüzə Simsar bilin
Moldovanın “Eurovison-2011” təmsilçiləri Bakıda

“Zdop Şi Zdub” qrupu: “Eurovision” bizim üçün karnaval-şoudur

Moldovanı bu il “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək “Zdop Şi Zdub” qrupu Bakıdadır. 


Simsar.az-ın məlumatına görə, qrup üzvləri bu gün İctimai Televiziyada mətbuat nümayəndələri ilə görüşüblər. Qrup üzvləri deyiblər ki, Bakıya dünən gəliblər: “İlk dəfədir ki, Bakıya səfər edirik. Lakin Moldovada Bakının köhnə dostları, Sovetlər İttifaqında ölkənizi ziyarət edənlər həvəslə bizdən Bakıya gəlməyimizlə bağlı suallar verirdilər. Bu gün səhər İTV-nin qonağı olduq. Türkiyə ilə telekörpünü izlədik. Yeri gəlmişkən, bu gün axşam Türkiyəyə yola düşürük”.


Təmsilçilər onu da qeyd ediblər ki, Qərb üslublu mahnılarına etnik-folklor elementləri daxil ediblər: “Almaniyalı musiqiçilərlə əməkdaşlıq edirik. Biz onlara təkliflərimizi verdik, etnik-folklor elementləri, milli kuşmamızı, musiqi alətlərimizi təqdim etdik. Nəticədə ortaya çıxdı ki, heç də pis musiqiçi deyilik”.


“Zdop Şi Zdub” qrupu bir neçə il öncə “Eurovision” müsabiqəsində iştirak etdiklərini, 6-cı yerə layiq görüldüklərini deyib: “Biz müsabiqədə bir neçə il öncə iştirak etmişik. Bu il qrupların iştirakı dəb olub. Biz müsabiqəyə karnaval-şou kimi baxırıq, “Eurovision” çoxsaylı xalqların iştirak etdiyi mahnı bayramıdır”.

Moldovanın təmsilçisi “Zdop Şi Zdub” qrupu yarışmada “So lucky” mahnısını ifa edəcək

6 Aprel, 2011  21:26 Baxılıb: 1485

Bu bölmədə