Simsar.az | bizi özünüzə Simsar bilin
«BOTAŞ» şirkəti aradan çıxdı

Azərbaycan Yunanıstana qazı Türkiyə şirkəti ortada olmadan satacaq

Bundan sonra Azərbaycan təbii qazını Yunanıstana Dövlət Neft (ARDNŞ) şirkəti ixrac edəcək.

«APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, Yunanıstan artıq 2007-ci ildən Azərbaycan qazı alır: «Amma bu qazı Türkiyənin «BOTAŞ» şirkəti təkrar ixrac edirdi, indi isə bu məsələ ilə bağlı «BOTAŞ» şirkəti, Yunanıstanın DEPA qaz şirkəti və ARDNŞ arasında danışıqlar gedir».

ARDNŞ başçısı qeyd edib ki, danışıqların nəticəsi olaraq, Yunanıstana qaz satışı barədə müqavilə birbaşa Azərbaycanla bağlanacaq və qazın ixracı ilə də Azərbaycan tərəfi məşğul olacaq.

R.Abdullayevin sözlərinə görə, hazırda Azərbaycan qazının satışı ilə bağlı Avropanın bir çox ölkələrilə danışıqlar aparılır və bu ölkələrə qazı Azərbaycan özü satacaq.

ARDNŞ prezidenti bildirib ki, «Şahdəniz» layihəsi çərçivəsində Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropa ölkələrinə isə 10 mlrd. kubmetr qazın satışı nəzərdə tutulub. Amma gələcəkdə ölkədə qaz hasilatının və ixrac oluna bilən qaz həcmlərinin artımı gözlənilir: «Ümid» və «Babək» yataqları bizə imkan verir ki, gələcəkdə ixracı artıraq».

Yaxın vaxtlarda «Abşeron» yatağında da kəşfiyyat işlərinin tamamlanması gözlənilir: «Orada da böyük qaz həcmlərinin tapılması gözlənilir».

Bundan başqa, ARDNŞ «Əsrin müqaviləsi» üzrə tərəfdaşları ilə «Dərin qaz» («Deep gas») adlanan alt qaz laylarının işlənməsi üzrə danışıqlar aparır. Qeyd edək ki, bu laylarda 300-400 mlrd. kubmetr qaz ehtiyatları var ki, bu da R.Abdullayevin sözlərinə görə, Azərbaycana qarşıdakı bir neçə onillik ərzində böyük qaz ixracatçısına çevrilməyə imkan verəcək.

6 Aprel, 2011  18:47 Baxılıb: 1224

Bu bölmədə