Simsar.az | bizi özünüzə Simsar bilin
XİN Türkiyəyə müraciət etdi

XİN ŞKTC vətəndaşlarının Xankəndinə getməsi ilə bağlı Türkiyəyə müraciət edib

Şimali Kipr Türk Cümhuriyyətindən olan bir qrup şəxsin Azərbaycanın erməni işğalı altında olan ərazilərinə səfər etməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə tərəfinə müraciət edib.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib. E. Poluxov Ermənistan mətbuatında bu barədə yayılmış xəbərlə bağlı Türkiyə tərəfinə etdikləri müraciətə müvafiq cavab gözlədiklərini bildirib.

Qeyd edək ki, “Regnum” agentliyinin məlumatına görə, ŞKTC-dən olan bir qrup şəxs “Avropa əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır” layihəsi çərçivəsində, Britaniyanın “Beynəlxalq həyəcan” təşkilatının himayəsi ilə “Silahlı münaqişədən sonra sülhyaratma və dinc birgə yaşayış təcrübəsi – Kipr nümunəsi” mövzusunda aprelin 1-3-də Xankəndində keçirilmiş dəyirmi masada iştirak edib.

Həmin şəxslər arasında Şimali Kipr Respublika Partiyasının baş katibi, Lefkoşa bələdiyyəsinin sabiq başqanı, Şimali Kipr İş Adamları Assosiasiyasının prezidenti Kutlay Erk, vəkil, Şimali Kipr İnsan Haqları Fondun sədri və Ali Məhkəmə Şurasının üzvü Əminə Çolak da olub.

6 Aprel, 2011  01:39 Baxılıb: 1190

Bu bölmədə