Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT GƏLİB, SÖZÜNÜ DE -FOTO

İlham Əliyev Qaradağ sakinləri ilə açıq danışdı

Prezident İlham Əliyev dünən Qobustan və Ələt qəsəbələrində olub. Məqsəd martın 9-u Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə verdiyi tapşırıqların yerinə yetirilməsi səviyyəsini yoxlamaqdır.

Qobustanın18 min kvadratmetr hissəsənin asfalt örtüyü təzələnəcək

Prezidentin rəsmi saytına istinadən yayılan məlumatda deyilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qobustan qəsəbəsinin sxemi əsasında təmirə ehtiyacı olan yollar barədə dövlət başçısına məlumat verib. 14 min 585 nəfər əhalisi olan Qobustanda artıq qəsəbədaxili yolların əsaslı təmirinə başlanılıb. İndiyə qədər yolların 10 min kvadratmetr hissəsinə yeni asfalt örtüyü döşənib. Yolun qalan 18 min kvadratmetr hissəsinin də asfalt örtüyü təzələnəcək. Məhəllədaxili bütün küçələrdə yeni işıqlandırma sistemi quraşdırılacaq.


“İnsanların rahatlığı üçün bütün işləri görürük”

İlham Əliyev ənənəsinə uyğun olaraq sakinlərlə görüşüb. Qobustandakı yolların torpaq olduğuna diqqət çəkən prezident küçələrə asfalt döşənəcəyini bəyan edib. Qəsəbədə məktəb və xəstəxana tikiləcəyini deyən ölkə başçısı həyata keçirilən proqram əsasında qəsəbələrin hamısında bütün problemlərin həll olunacağını vurğulayıb: “Bakı-Ələt yolu dünyanın ən yüksək standartlarına cavab verir. Hətta işıq dirəkləri də qurulur. Baxmayaraq ki, dünya təcrübəsində magistral yollarda işıq olmur. Amma biz bunu da edirik. İnsanların rahatlığı, işləməsi, yaxşı yaşaması üçün bütün işləri görürük. Bundan sonra daha da böyük işlər görüləcəkdir. Bakının ətrafında 40-dan çox qəsəbə var. O qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Necə deyərlər, - mən bir dəfə demişəm, - özlüyündə böyük bir şəhər boyda qəsəbələrdir. Əlbəttə ki, bu işləri görmək üçün böyük vəsait və vaxt tələb olunacaq. Ancaq mən istəyirəm ki, bütün bu işləri maksimum qısa müddət ərzində görək. Əlbəttə ki, burada yerli icra orqanlarının fəaliyyətindən çox şey asılı olacaq”.

Sakinlər prezidentdən nə istədi...

Görüşdə iştirak edən sakinlərin də prezidentdən istəyi olub. Qəsəbədəki 17 nömrəli şəhər xəstəxanasının baş həkimi 1952-ci ildə tikilmiş köhnə binada yerləşən xəstəxananın yenidən qurulmasına, orta məktəb tikilməsinə ehtiyac olduğunu bildirib: “Yaxşı olardı ki, poliklinika, təcili yardım xidməti bir həyətdə olsun. Məktəbimizin də binası kiçikdir. Təzə orta məktəbin tikilməsinə böyük ehtiyacımız var”.

“Siyasi fəaliyyətim Qaradağ rayonundan başlayıb”


Son illər iki mindən artıq məktəb binasının tikildiyini xatırladan İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin bərpa olunacağını, yenilərinin tikiləcəyini diqqətə çatdırıb. O, Qaradağ rayonunun ona daha doğma olduğunu vurğulayıb: “1995-ci ildən buradan deputat seçilmişəm. Demək olar ki, mənim siyasi fəaliyyətim Qaradağ rayonundan başlayıb. Çox sevinirəm ki, son illər ərzində Qaradağ rayonunda yaxşı işlər görülüb. Bu yaxınlarda, bir neçə ay əvvəl Lökbatanda olmuşam. Lökbatanı tanımaq mümkün deyil. Həm binalar, həm yollar, istirahət parkları, ictimai yerlər elə gözəlləşib, elə abadlaşıb ki. Bəli, icra hakimiyyətinin başçısından çox şey asılıdır. Mən bütün icra hakimiyyəti başçılarına göstəriş verirəm ki, yaxşı işləsinlər, insanlarla əlaqədə olsunlar. Bütün problemləri həll etməliyik, bunun üçün bütün imkanlar da var”.

Mədəniyyət sahəsində görülən işlərə görə prezidentə və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevaya minnətdarlıq edən sakinlərdən biri qəsəbədəki mədəniyyət evinin təmirə ehtiyacı olduğunu deyib.

Prezidentin cavabı belə olub: “Yaxşı, onu da edərik. Qaradağ rayonunun bütün qəsəbələrində quruculuq işləri daha da sürətlə getməlidir. Ümid edirəm ki, biz bu proqramın böyük hissəsini 2013-cü ilə qədər həyata keçirəcəyik. O vaxta qədər nəyi görə bilməsək, ondan sonrakı illərdə görüləcək”.

Ələtin 22 min kvadratmetr hissəsinə asfalt döşənəcək

Həmin gün Ələt qəsəbəsinə də gələn prezident İlham Əliyev burda da təxminən eyni səpkidə açıqlamalar verib, sakinlərin təkliflərini dinləyib. Hazırda Ələtin qəsəbədaxili yollarına 4 min 500 kvadratmetrinə yeni asfalt örtüyü döşənib. Yolun 22 min kvadratmetr hissəsinə isə asfalt örtüyü döşəmək üçün ilkin hazırlıq işləri başa çatdırılıb.
Prezident İlham Əliyevin tapşırığı ilə Ələt qəsəbəsində məktəb və xəstəxana üçün yeni binaların tikintisinə də başlanılacaq. Bütövlükdə Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində 60 min kvadratmetr daxili yollar əsaslı təmir ediləcək.
Prezident 600 min kvadratmetr sahəyə yenidən asfalt döşənəcəyini deyib. Bununla yanaşı ölkə başçısı üç əsas sənaye mərkəzindən birinin Qaradağ rayonunda olcağını sakinlərə bəya edib: “Hazırda rayonda böyük müəssisələr, sement zavodu inşa olunur, yəqin ki, ikinci sement zavodu da tikilməlidir. Ondan sonra gəmiqayırma zavodu tikilir. Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikilir. Bu liman istismara veriləndən sonra burada minlərlə yeni iş yeri açılacaq ki, Ələt qəsəbəsinin sakinləri də orada işləyə bilərlər. Yəni, bütövlükdə rayonun güclü sənaye mərkəzinə çevrilməsi prosesi gedir”.

“Biz bilməliyik ki, nəyi etməliyik, nəyi düzəltməliyik"

Sonda prezident sakinlərə müraciət edib: “Sizdən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı əgər hər hansı bir problem, narazılıq, şikayət olarsa, həm mənə, həm rayon icra hakimiyyətinə, şəhər icra hakimiyyətinə müraciət edin. Biz bilməliyik ki, nəyi etməliyik, nəyi düzəltməliyik! Hansı çatışmayan məsələlər var ki, biz tezliklə bunları həll edək.
Mən əminəm ki, yaxın zamanlarda, bir neçə ildən sonra Bakı qəsəbələrinin bütün problemləri öz həllini tapacaqdır”.

Anar İsaoğlu

 

5 Aprel, 2011  12:35 Baxılıb: 1506

Bu bölmədə