Simsar.az | bizi özünüzə Simsar bilin
İqtisadi İnkişaf Nazirliyi seminar təşkil etdi

Mövzu: “Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması”və “Sahibkarlığın təkmilləşdirilməsi”dir 

Bu gün aprelin 4-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin, “Korea Expert Consulting Group”un (KECG) təşkilatçılığı, Koreyanın Strategiya və Maliyyə Nazirliyinin, Koreya İnkişaf İnstitutunun dəstəyi ilə “Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması” və “Sahibkarlığın təkmilləşdirilməsi” üzrə tədqiqatlarla bağlı seminar keçirilib. 

Tədbirdə aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Seminarda çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov beynəlxalq iqtisadi təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlığın Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, tədqiqatlar barədə məlumat verib.
Bildirib ki, İqtisadi İnkişaf Nazirliyinin müraciətinə əsasən, Koreyanın Strategiya və Maliyyə Nazirliyi və Koreya İnkişaf İnstitutunun dəstəyi ilə “Korea Expert Consulting Group” təşkilatı tərəfindən “Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması” və “Sahibkarlığın təkmilləşdirilməsi” ilə bağlı 2010-cu ilin sentyabrında tədqiqatlara başlanılıb. Tədqiqatların əsas məqsədi Azərbaycanda həyata keçirilən qrant və texniki yardım layihələri ilə bağlı idarə olunan elektron məlumat bazasının yaradılması və distant öyrənmə vasitəsilə sənayenin diversifikasiyası məqsədilə sahibkarlığın inkişafına dəstək verməkdir. Tədqiqatların səmərəli həyata keçirilməsində yerli ekspertlər - İqtisadi İnkişaf Nazirliyinin şöbələrinin və Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri iştirak edib. Tədqiqatlar üzrə hazırlanmış hesabatların müzakirə edilməsi, bu sahədə Koreya və beynəlxalq təcrübə ilə tanış olmaq məqsədilə 2011-ci ilin yanvar ayında İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları üçün Seul şəhərində KECG təşkilatı tərəfindən seminar təşkil olunub.

Azərbaycanda yardımların əlaqələndirilməsi prosesində İqtisadi İnkişaf Nazirliyinin, müvafiq dövlət orqanlarının və beynəlxalq donor təşkilatlarının rolunun, yaradılacaq elektron məlumat bazasının statusunun və ondan istifadənin müəyyənləşdirilməsi “Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması” tədqiqatının başlıca məqsədləri olub.

“Sahibkarlığın təkmilləşdirilməsi” tədqiqatı isə Azərbaycanda sahibkarlığın inkişafının tarixini və hazırkı vəziyyətini, onun dövlət proqramlarına uyğunluğunun öyrənilməsi, qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin inkişaf prosesinin müəyyənləşdirilməsi, sahibkarlığın dəstəklənməsi prosesində beynəlxalq təcrübənin (xüsusi iqtisadi zonalar, sənaye zonaları, sənaye parkları, biznes inkubatorlar, biznes mərkəzlər), Azərbaycanda sahibkarlığın dəstəklənməsində distant öyrənmə infrastrukturunu müəyyənləşdirilməsini əhatə edir.
Tədbirdə müxtəlif mövzularda tədqiqatların bundan sonra da aparılacağı, həmçinin bu sahədə Koreya ilə əməkdaşlığın davam etdiriləcəyi qeyd edilib.
“Korea Expert Consulting Group” təşkilatının direktoru Kyung Soon Song “Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması” və “Sahibkarlığın təkmilləşdirilməsi” ilə bağlı tədqiqatların aparılması sahəsində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, tədqiqatlar Koreyanın Bilik Mübadiləsi Proqramı çərçivəsində aparılmışdır. Bu proqramın məqsədi müxtəlif sahələrdə Koreya təcrübəsinin mübadiləsi vasitəsilə digər tərəfdaş ölkələrdə sosial – iqtisadi inkişafa dəstək göstərməkdir. Bu tədqiqatlar qrant və texniki yardım layihələrinin icrasında və sahibkarlığın inkişafında əhəmiyyətli rola malikdir.
Seminar çərçivəsində “Korea Expert Consulting Group” təşkilatının nümayəndələri tərəfindən qeyd olunan tədqiqatlarla bağlı təqdimatlar keçirilmiş, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Simsar.az

4 Aprel, 2011  23:54 Baxılıb: 1636

Bu bölmədə