Simsar.az | bizi özünüzə Simsar bilin
Təstiq olundu: Azərbaycan Xankəndinə uçan təyyarələri vura bilər

Azərbaycanın Xankəndinə hava uçuşlarına qarşı görəcəyi tədbirlər Çikaqo Konvensiyasına əsaslanır

Azərbaycanın işğal altında olan Xankəndi şəhərindəki aeroporta uçuş edəcək hava gəmilərinə qarşı görəcəyi tədbirlər hüquqi cəhətdən «Beynəlxalq mülki aviasiya haqqında Konvensiya»ya (Çikaqo Konvensiyası) əsaslanır.

Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktor müavini Hacıağa Əliyev bildirib.

Administrasiya rəsmisinin sözlərinə görə, Konvensiyanın “3 Bis” maddəsinə uyğun olaraq Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinə qanunsuz uçuş edən hava gəmilərinin endirilməsini tələb edə bilər. Tələb yerinə yetirilmədikdə isə həmin hava gəmilərinə qarşı digər vasitələrdən, o cümlədən fiziki metodlardan istifadə mümkündür: «Xankəndi Azərbaycan şəhəridir. Azərbaycan bu sənədi rəhbər tutaraq dövlət sərhədini pozmuş istənilən hava gəmisinə qarşı beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edə bilər. Biz də məhz bu sənədlərin müddəalarına əsasən, öncədən İCAO vasitəsi ilə xəbərdarlıq etmişik ki, sonra anlaşılmazlıq olmasın».

ADMAA rəsmisi onu da əlavə edib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Xankəndi aeroportuna sertifikasiya verməyincə, , bu hava limanı beynəlxalq əhəmiyyət daşıya bilməz.

H. Əliyev ermənilərin mayın 9-da Xankəndi şəhərinə İrəvandan uçuşlara başlayacağı barədə yayılan məlumatlarla bağlı mərkəzi ofisi Moskvada yerləşən MDB Dövlətlərarası Aviasiya Komissiyası ilə danışıqlar apardıqlarını da bildirib. Komissiyadan Xankəndi aeroportundan istifadə ilə bağlı ermənilər tərəfindən onlara heç bir məlumat verilmədiyini, ümumilikdə bu məsələyə mənfi yanaşdıqlarını bildiriblər.

H. Əliyev Ermənistanın üzərindəki hava məkanını Türkiyə və Naxçıvana uçan Azərbaycan təyyarələri üçün qapadacağı təqdirdə, Azərbaycanın da analoji addımları atacağını söyləyib. ADMAA rəsmisinin sözlərinə görə, Azərbaycanın üzərindəki hava yolunu Ermənistan təyyarələrinə bağlaması bu ölkə üçün daha ağır nəticələr verə bilər.

4 Aprel, 2011  22:59 Baxılıb: 1679

Bu bölmədə