Simsar.az | bizi özünüzə Simsar bilin
Bağanıs Ayrım dəhşətlərindən türkiyəli oxucuda xəbər tutacaq

Qənirə Paşayeva və Akif Aşırlının kitabı İqdırda təqdim olundu

Türkiyənin İqdır şəhərində millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və “Şərq” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Akif Aşırlının həmmüəllifi olduğu, Türkiyə türkcəsində çap edilmiş “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının təqdimatı olub. 

Simsar.az-ın məlumatına görə, tədbir Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanlıların soyqırımı günü”nə həsr edilmiş konfrans çərçivəsində baş tutub. 

Kitab erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun köməyi ilə 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir. Əsərdə 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etdiyi, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirildiyi, diri-diri ocaqda yandırıldığı qeyd olunub. Eyni zamanda Bağanıs Ayrım və onun qonşu kəndlərinin XX əsrin əvvəllərində də ermənilər tərəfindən dağıdılması və dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən qətliamlar da kitabda faktlar və sənədlərlə öz əksini tapır.

Kitabda müəlliflərin soyqırımın şahidləri ilə söhbətləri və şahidlərin xatirələri geniş şəkildə yazılıb. Kitab konfrans iştirakçıları və iqdırlılar tərəfindən böyük maraqla qarşılanıb və paylanılıb.

Tədbirdə çıxış edən Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və kitabın ön sözünün müəllifi Sinan Oğan Türkiyə türkcəsində çap olunmuş kitabın böyük əhəmiyyətindən danışıb və bildirib ki, bu Türkiyə vətəndaşlarının Azərbaycan həqiqətləri ilə bağlı daha geniş məlumatlar əldə etməsi üçün çox vacib və zəruridir. O, kitabın xaricdə yaşayan türklərin də daha geniş məlumatlar əldə edə bilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Millət vəkili, kitabın həmmüəllifi Qənirə Paşayeva isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları problemi bütün Türk dünyasının ortaq problemi olmalıdır və dünyanın harasında yaşamasından asılı olmayaraq türk kökənli hər bir kəs Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da gücləndirməlidir. “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabı ilə yanaşı millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu “Xocalı Soyqırımı, Şahidlərin dilindən” kitabının da Türkiyə türkcəsi təqdim olunub və konfrans iştirakçıları arasında yayılıb.

Yaxın günlərdə “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının Türkiyənin paytaxtı Ankarada da təqdimat mərasimi keçiriləcək.

2 Aprel, 2011  15:45 Baxılıb: 1636

Bu bölmədə