Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifət Fəzail Ağamalını məhkəməyə verə bilər

“Fəzail Ağamalı müxalifətin xaricdən 40 milyon dollar alması barədə məlumatlarını sübut etməlidir”

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, İctimai Palata mitinqlər keçirmək üçün xaricdən 40 milyon dollar vəsait alıb.  
“Məndə olan məlumata görə, artıq ölkədə radikal müxalifəti hərəkətə gətirmək, Azərbaycanda sabitliyi pozmaq, süni gərginliyə, vətəndaş qarşıdurmasına zəmin yaratmaq üçün xaricdən təxminən 40 milyon dollar vəsait ayrılıb. Təbii ki, bu informasiyanın müvafiq dövlət strukturları tərəfindən dəqiqləşdirilməsi vacibdir. Və bu pulun kim tərəfindən konkret kimə verilməsi də dəqiqləşdirilməsi vacib olan məqamlar sırasındadır”-deyə F.Ağamalı bildirib.
İctimai Palatada təmsil olunan Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı Simsar.az-a açıqlamasında bildirib ki, F.Ağamalı müxalifətin xaricdən 40 milyon dollar alması barədə hüquq mühafizə orqanlarına müraciət etdiyini deyib: “Fəzail Ağamalı müxalifətin xaricdən 40 milyon dollar alması barədə məlumatlarını sübut etməlidir. Əgər hüquq mühafizə orqanları təsdiq etsə ki, hansısa müxalifət partiyası xaricdən pul alıb, o zaman qanunla ölçü götürüləcək. Yox əgər məlumat təsdiqini tapmasa, Fəzail Ağamalı tərəfimizdən məhkəməyə verilməlidir”.
F.Ağamalı Simsar.az-a açıqlamasında bildirib ki, müxalifətin xaricdən 40 milyon alması barədə məlumatı ona etibarlı mənbə verib: “Bəli hüquq-mühafizə orqanları bunu araşdırmalıdır”.
Müxalifət tərəfindən məhkəməyə veriləcəyinə gəlincə F.Ağamalı sualla cavab verdi: “Versinlər də. Məni məhkəmə ilə qorxudurlar?..”
RAMİL

31 Mart, 2011  18:32 Baxılıb: 1265

Bu bölmədə