Simsar.az | bizi özünüzə Simsar bilin
YAP ordu barədə öz sözünü dedi

"Azərbaycanda müqavilə əsasında ordu formalaşdırılması mümkün deyil"

“İstər Avropa Birliyinə daxil olan ölkələrdə, istərsə də dünyanın başqa yerlərində cəmi beş dövlətdə müqavilə əsasında ordu fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi və Azərbaycan torpaqlarının işğal altında olması bu məsələni mümkünsüz edir”, - bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.

“Bu sistemə keçid yalnız Azərbaycan torpaqları işğaldan azad olunduqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkün ola bilər. Hətta bu halda belə, müqavilə əsasında formalaşdırılan ordu sisteminə birdəfəlik keçmək düzgün olmazdı. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir”, - Siyavuş Novruzov əlavə edib.

Azərbaycanda orduya ictimai nəzarətin həyata keçirilməsi məsələsinə münasibət bildirərkən millət vəkilinin cavabı birmənalı olub: “Dünyanın bir çox yerlərində orduya ictimai nəzarət mövcuddur, lakin Azərbaycan ordusu düşmən qüvvələri ilə üz-üzədir. Azərbaycanda hər hansı ictimai təşkilatın ordunun müəyyən qrupuna nəzarət funksiyasını həyata keçirməsi çətin məsələdir. Burada söhbət silah növləri, ordunun mövqeləri və başqa məsələlərdən gedir. Heç kim zəmanət verə bilməz ki, ictimai təşkilatda olan nümayəndə etibar ediləsi insandır və heç yerə məlumat ötürməyəcək”.

30 Mart, 2011  21:19 Baxılıb: 1238

Bu bölmədə