Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi üzə çıxdı

Üsyançılar paytaxtı ələ keçirir

Liviyanın dövlət televiziyası Müəmmar Qəddafinin ötən gün çəkildiyi iddia edilən ən son görüntüsünü yayımlayıb. Məlumata görə, Liviya lideri Tripolinin rayonlarından birində Müəmmar Qəddafinin tərəfdarları tərəfindən mühasirəyə alınıb və insanlar ölkə rəhbərini dəstəklədiklərini bəyan ediblər.

Liviya televiziyası bu görüntüləri nümayiş etdirdiyi vaxtda ölkənin şərqində mərkəzləşmiş üsyançılar paytaxta doğru irəliləməyə davam edir. Onlar artıq Qəddafinin doğma şəhəri və ölkənin qərb hissəsinə əsas qapı sayılan Sirti ələ keçirdiklərini bəyan ediblər.

Liviya mətbuatı isə xəbər verir ki, koalisiya qüvvələri cənubda Qəddafi tərəfdarlarının mərkəzi sayılan Sabha şəhərinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində onlarla evin dağıdıldığı, aeroportun hədəfə alındığı bildirilir. Liviya dövlət televiziyası aviazərbələr zamanı yaralanmış insanları da nümayiş etdirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Liviyada beynəlxalq hərbi əməliyyatı pisləyib. Sergey Lavrov bunun BMT Təhlükəsizlik Şurasının Liviya səmasında uçuşsuz zonanın təminatını nəzərdə tutan son qətnaməsinə zidd olduğunu bildirib: “Biz hazırda məlumatları kütləvi informasiya vasitələrində görürük və eşidirik. Burada Avropada və ABŞ-da yayılan məlumatlara görə, bu koalisiyaya cəlb olunmuş ölkələrin rəsmiləri bir tərəfdən yeganə məqsədin dinc əhalinin mühafizəsindən ibarət olduğunu təsdiqləyən bəyənatlar verirlər. Digər tərəfdən isə koalisiyanın hava qüvvələrinin Qəddafi qüvvələrinə qarşı zərbələri, silahlı üsyançıların mübarizəsinə dəstəklə bağlı məlumatlar daxil olur və heç kim bunu inkar etmir. Burada aydın ziddiyyət var”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında Liviya ilə bağlı qətnaməyə səsvermədə Rusiya iştirak etməmişdi.

Bu arada Liviyada əməliyyatlara rəhbərliyi NATO öz üzərinə götürüb. Şimali Atlantika blokunun aparıcı üzvlərindən biri olan Türkiyə isə hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirib.

28 Mart, 2011  23:48 Baxılıb: 1311

Bu bölmədə