Simsar.az | bizi özünüzə Simsar bilin
Xaliq Bahadırı öz partiyası hədələdi

Yazarın çıxışı AXCP rəhbərliyini hiddətləndirib

AXCP Rəyasət Heyətinin (RH) iclasında RH üzvü Xaliq Bahadıra rəsmi xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.

Bu barədə APA-ya partiya sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. F. Qəhrəmanlı bildirib ki, X. Bahadırın iştirak etmədiyi iclasda ona İctimai Palatanın (İP) sessiyalarındakı çıxışları ilə bağlı xəbərdarlıq edilib: “Özü iclasda iştirak etməsə də, xəbərdarlıq qərarı onun diqqətinə çatdırılacaq”.

RH üzvü Xaliq Bahadır isə APA-ya açıqlamasında ona hansısa xəbərdarlıq barədə məlumat verilmədiyini deyib: “Mən heç bir iclasa çağırılmamışam, başqa bir şeydən də xəbərim yoxdur”. X. Bahadır İctimai Palatanın növbəti sessiyalarında tənqidi çıxışlarını davam etdirib-etdirməyəcəyi haqda suala isə belə cavab verib: “Mən İctimai Palatanın iclasları üçün çıxışlar seriyası hazırlamamışam. Bunu hamıya bildirirəm. İctimai Palatanın Koordinasiya Şurası barədə ortaya konkret neqativ fakt çıxıb, mən o faktla bağlı sözümü demişəm. Buna çıxışlar seriyası kimi baxmaq olmaz. Bu, çıxışlar seriyası deyil, konkret fakta konkret reaksiyadır”.

Xatırladaq ki, X. Bahadır İP-nin son iki sessiyasında Koordinasiya Şurasının üzvlərini tənqid edib. O, martın 24-də keçirilmiş sonuncu iclasda Koordinasiya Şurasını xalqın maraqlarını satmaqda, agentura şəbəkəsi rolunu oynamaqda ittiham edib. X. Bahadır Koordinasiya Şurasının buraxılmalı olduğunu da söyləyib: “Təkrar və gizli səsvermə yolu ilə Koordinasiya Şurasına yeni üzvlər seçilməlidir”.

28 Mart, 2011  18:29 Baxılıb: 1220

Bu bölmədə