Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər həmsədirlərin çağırışına əməl etmir

RƏSMİ BAKI ERMƏNİSTANA XƏBƏRDARLIQ ETDİ

Martın 28-də Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. “Media forum” saytının məlumatına görə, açıqlamada deyilir: “ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Respublikasının həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müraciəti əsasında Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu ildə Sahə Qiymətləndirmə Missiyası (SQM) gerçəkləşdiriblər. 

Bu missiyanın həyata keçirilməsində ATƏT sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-in Qaçqınlar üzrə Ali Komissarlığından iki mütəxəssis və ATƏT-in 2005-ci ildəki Fakt Araşdırıcı Missiyasının bir üzvü qoşulublar.


Sahə Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayıb ki, bu da Ermənistanın 1993-ci ildə birləşdiyi 12 avqust 1949 tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə protokollara ziddir.

Əyani qiymətləndirmə və yerli əhalinin verdiyi məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qeyri-qanuni şəkildə məskunlaşmış ermənilərin sayı 14000 şəxs təşkil edir. Bu köçkünlərin bir hissəsi bərpa edilmiş və ya yenidən inşa edilmiş evlərdə yaşayırlar. Sahə Qiymətləndirmə Missiyasının müşahidələrinə əsasən, missiyanın baş çəkdiyi bir sıra inzibati, təhsil və tibbi binalar xaricdən göndərilmiş erməni diasporunun maddi yardımı ilə inşa olunub və avadanlıqlarla təchiz edilib.

İnfrastruktur dəyişikliklərinə gəldikdə, Sahə Qiymətləndirmə Missiyasının əldə etdiyi nəticələr infrastrukturun inkişafı, xüsusilə elektrik və içməli su təminatının artırılması üçün səylərin həyata keçirildiyini göstərir. Sahə Qiymətləndirmə Missiyasının baş çəkdiyi bütün, ən ucqar məskunlaşmalar istisna olmaqla, yaşayış məntəqələri elektriklə təmin olunub. Laçın şəhərinin şimalında, Sabuxçay çayının dərəsində 2.2 meqavat su-elektrik stansiyası müşahidə edilib. Bu stansiya buna bənzər 25 kiçik su-elektrik stansiyalarının inşa edilməsi ilə bağlı planın bir hissəsidir. Bir neçə məskunlaşma yerində istiliyin təmin olunması üçün kiçik qaz boruları mövcuddur ki, sakinlər bunların son beş il ərzində çəkildiyini qeyd ediblər. 2005-ci ildən fərqli olaraq missiyanın baş çəkdiyi əksər regionlarda mobil rabitə imkanları mövcuddur.

Sahə Qiymətləndirmə Missiyası həmçinin işğal olunmuş ərazilərin inzibati sərhədlərinin dəyişdirildiyini müşahidə edib. Sərhədlərin yenidən çəkilməsi, bəzi rayonların adlarının dəyişdirilməsi həm də işğal altında olan ərazilərin inzibati aidiyyətinin dəyişdirilməsi ilə müşayiət olunub. Ermənilər Azərbaycan ərazilərinin və yaşayış məntəqələrinin adlarını dəyişdirir və öz adlarını qoyurlar. Münaqişədən öncə 70000 əhalisi olan Ağdam şəhəri erməni xəritələri və yol nişanlarında heç göstərilməyib.

Azərbaycanın digər ərazilərində hazırda yaşayan məcburi köçkünlərin gələcəkdə öz torpaqlarına qaytarılmasının yalnız davam edən işğal deyil, həmçinin bu bölgələrin dağıdılmış vəziyyəti ucbatından çətin olması ilə bağlı Sahə Qiymətləndirmə Missiyasının yekun rəyi xüsusi narahatçılıq doğurur. Demək olar ki, keçmiş sakinlərin bütün şəxsi və ticarət əmlakları dağıdılıb. Onların geri qaytarılması üçün regionlarda münasib şərait mövcud deyil. Yerli əhalinin qaytarılması bu bölgələrdə evlərin və əsas infrastrukturun geniş miqyaslı inşası ilə müşayiət edilməlidir.

Qeyd edilməlidir ki, vaxt məhdudiyyəti, personalın sayının az olması və ərazilərdə hərəkət üçün mövcud maneələr missiyaya işğal olunmuş ərazilərdəki vəziyyəti daha ətraflı qiymətləndirməyə və dərin təhlil aparmağa imkan verməyib. Lakin buna baxmayaraq mövcud faktlar o qədər dəhşətli və ağırdır ki, hətta üzləşdiyi problemlərlə belə missiyanın tapıntılarının hesabatda əks etdirilməsi qaçılmaz idi.

Sahə Qiymətləndirmə Missiyasının nəticələri işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın narahatçılığının əsaslı olduğunu təsdiqləyib. Missiyanın müşahidələri Ermənistanın əsas norma və prinsipləri, xüsusilə güc tətbiq etməmək prinsipini pozduğunu və işğal ilə bağlı status-kvonu (mövcud vəziyyət) möhkəmlətmək cəhdlərini bir daha təsdiqləyib.

Bu faktlar və müşahidələr hələ 2005-ci ildə qeydə alınmış və o zaman həmsədrlər öz tövsiyələrində “bundan sonra işğal olunmuş əraziləri gələcək hər hansı məskunlaşmaya yol verilməməlidir” və “bu vəziyyətin davam etməsinin uzadılması “fait accompli”yə (baş vermiş fakt) gətirib çıxara bilər və bu da sülh prosesini ciddi əngəlləyə bilər” kimi çağırışlar etmişdilər. Həmsədrlər indiki tövsiyələrində eyni narahatçılıqları və çağırışları ediblər. Təəssüf ki, Ermənistan son altı il ərzində həmsədrlərin çağırışlarına əməl etməyib və münaqişənin həlli prinsipinə hörmətsizlik nümayiş etdirməkdədir.

Azərbaycan Sahə Qiymətləndirmə Missiyanın status-kvonun saxlanılmasının qəbulolunmazlığı ilə bağlı əsas bəyanata diqqəti yönəldərək Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətinə son qoymağa tələb edir. Azərbaycan aydın şəkildə bəyan edir ki, Ermənistanın bu istiqamətdə davamlı siyasətinə dözüm göstərilməyəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmaların mövcudluğu həyata keçirilən danışıq prosesinə əngəllər yaradır və münaqişənin davamlı həllinə nail olunması perspektivlərini ciddi sual altına qoyur. Buna görə də bu problemə çevik və xüsusi yanaşma tələb olunur.

Münaqişənin davamlı həlli işğal olunmuş ərazilərdən zorla qovulmuş bütün Azərbaycanlı əhalinin öz doğma yurdlarına qayıtması yolu ilə əldə edilə bilər. İşğal olunmuş ərazilərdəki hazırkı vəziyyət erməni hərbi qüvvələrinin bu ərazilərdən çıxarılmasının və orada bərpa işlərin aparılmasının ləngitməsinə hər hansı bir bəhanə kimi göstərilə bilməz.

Azərbaycan həmsədrlərin işğal olunmuş ərazilərdə münaqişənin təsir etdiyi sahələrdə demoqrafik, sosial və yaxud mədəni xüsusiyyətləri dəyişə biləcək (davam edən qeyri-qanunu məskunlaşma, infrastrukturun inkişafı, iqtisadi istismar və mədəni dəyişikliklər) hər bir fəaliyyətdən və yaxud status-kvonu dəyişməyə və münaqişənin sülh yolu ilə həllinə imkan verməyən addımlardan çəkinməyə dair müraciətini dəstəkləyir.

ATƏT-in həmsədrlərinin Sahə Qiymətləndirmə Missiyası və həmsədrlərin tövsiyələri bu problemin gələcəkdə baxılması və tənzimlənməsi üçün əsas yaradır. Azərbaycan bu ərazilərin işğalına son qoymaqda beynəlxalq aləmin güclü dəstəyinə inanır. Azərbaycan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpasının regionda mövcud ciddi təhdid və riskləri azaldacağına və nəinki sülh şəraitində birgə yaşamağa, həmçinin hər bir insanın inkişaf və tərəqqisinə yol açacağına dair dünya miqyasında mövcud anlayışla qəbul edilməsi ilə razılaşır”.

28 Mart, 2011  17:55 Baxılıb: 1279

Bu bölmədə