Simsar.az | bizi özünüzə Simsar bilin
Baş Prokurorluğa şərait yaradıldı

Üç ay ərzində 30 nəfərə qarşı korrupsiya ittihamı

Milli Məclisin bugünkü iclasında “Prokurorluq haqqında” və “Əməliyyat axtarışları haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirə olunub. 

Simsar.az-ın verdiyi məlumata görə, müzakirələr zamanı millət vəkilləri əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin müəyyən olunması mexanizmləri və bu tədbirlər zamanı korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, eyni zamanda bu tədbirlərin reallaşdırılması zamanı istintaq prosesində ortaya çıxa biləcək hüquqi problemlərdən danışıblar. 

Baş Prokurorluq Yanında Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib ki, əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti baş prokuror və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Onun sözlərinə görə, bu ilin ötən dövrü ərzində Baş Prokurorluq Yanında Korrupsiya ilə Mübarizə İdarəsində 30 şəxs barəsində iş tamamlanaraq istintaq orqanlarına verilib. Bu ilin ötən müddətində vətəndaşlar tərəfindən isə Baş Prokurorluq Yanında Korrupsiya ilə Mübarizə İdarəsinin “qaynar xətti”nə 747 müraciət daxil olub.

Kamran Əliyev bildirib ki, korrupsiya faktlarına dair daxil olmuş müraciətlər istintaq orqanları tərəfindən araşdırılır və onların bəziləri ilə bağlı artıq istintaq mərhələsi başa çatıb. Bəziləri ilə bağlı isə proses davam edir.

Baş Prokurorluq Yanında Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi bu qanuna edilən əlavə və dəyişikliklərə görə ölkə rəhbərliyinə və Milli Məclisə təşəkkür edib. O, qanuna əlavə edilən dəyişikliklərin ölkədə korrupsiyaya qarşı mübarizənin bir qədər də təkmilləşdirilməsinə şərait yaradacağını söyləyib.

Qanunlara əlavə və dəyişikliklər təsdiqlənib.

Bununla da parlamentin bu günə təyin etdiyi iclas başa çatıb.

18 Mart, 2011  20:21 Baxılıb: 1270

Bu bölmədə