Simsar.az | bizi özünüzə Simsar bilin
Fuad Muradov etirazçı gənclərlə görüşməyə hazırdır

“Qoy gəlib açıq şəkildə problemlərini desinlər”

“Bu məsələ ilə tanışam. Amma burada bir sıra qaranlıq məqamlar var. Təkcə tarix məlumdur. Amma nəyə etiraz etdiklərini konkret olaraq bildirmirlər. İstəkləri, tələbləri nədir aydın deyil. Sanki bir xaotik hərəkət müşahidə olunur. Odur ki, bu məsələni şişirtməyin və gündəmdə saxlamağın tərəfdarı deyiləm”.

Bunu Gənclər Təşkilatları Milli Şurasının rəhbəri, Milli Məclisin deputatı Fuad Muradov “Facebook” sosial şəbəkəsində 11 martla bağlı yazılan fikirlərə münasibət olaraq bildirib.

F.Muradov qeyd edib ki, bir şəxs bir neçə adla “Facebook””da qeydiyyatdan keçib: “Bunları araşdırdıqda məlum olur ki, burada böyük əksəriyyəti xaricdə yaşayan insanlardır ki, müxtəlif fikirlər yazaraq “etiraz” edirlər. Həqiqətən bu çox gülüncdür”.

F.Muradov Gənclər Təşkilatları Milli Şurası olaraq, həmçinin millət vəkili kimi etirazçı gənclərlə görüşməyə və onları dinləməyə hazır olduğunu bildirib: “Qoy gəlib açıq şəkildə problemlərini desinlər. Əgər həll olunmasa o zaman etiraz edərlər”.
Millət vəkili gənclərin hansısa aksiyalara qoşulacağına inanmır: “Ölkə prezidenti gənclər məsələsini hər zaman diqqətdə saxlayır. Bütün məsələlərdə gənclər siyasəti dövlət siyasətinin ən başlıca istiqamətlərindəndir və gənclərimiz prezident İlham Əliyevin ətrafında sıx birləşmişdir. Azərbaycan gəncləri həmişə dövlətçiliyin güclənməsi və müstəqilliyin qorunub saxlanmasında fəallıq nümayiş etdirib və bundan sonra da etdirəcəklər”.
Ramil

10 Mart, 2011  21:54 Baxılıb: 1814

Bu bölmədə