Simsar.az | bizi özünüzə Simsar bilin
BDU REKTORUNDAN MARAQLI AÇIQLAMA

"Çağırışların edilməsində erməni mənşəli tələbələrin rolu var"

“Bəzən Facebook vasitəsilə tələbələr mitinqə çağırılır. Açığını deyim ki, bizim tələbələr bu çağırışların əksinə gedərək, onlara mesajlar göndərirlər. Bu müraciətləri müəllimlər də, tələbələr də edirlər”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov www.facebook.com. şəbəkəsi vasitəsilə gənclərin bir-birlərini 11 martda kütləvi mitinqlərə çağırışına münasibət bildirərkən deyib. 


Rektor hesab edir ki, belə çağırışların edilməsində erməni mənşəli tələbələrin rolu var: “Əfsuslar olsun ki, xaricdə erməni mənşəli tələbələr bizimkiləri yoldan çıxarır və internet vasitəsi ilə onlara cürbəcür təkliflər göndərirlər. Sual oluna bilər ki, erməni mənşəli tələbələr bunu niyə edirlər? Çünki bu gün Ermənistanda vəziyyət çox ağırdır. Azərbaycan isə dinamik inkişaf edir. Onlar da Azərbaycandan ehtiyatlandığı üçün bu sadə yola əl ataraq, azərbaycanlı tələbələrə müxtəlif çağırışlar edirlər. BDU-nun bütün müəllim və tələbə heyəti bu çağırışlara rədd cavabı verib. Heç bir mitinqdə bizim universitetdən bir kəs belə iştirak etməyəcək. Bunu bizim tələbələrimizin bizə müraciəti əsasında əminliklə deyirəm”.

A. Məhərrəmovun sözlərinə görə, hazırda Bakı Dövlət Universitetində 18 min tələbə təhsil alır. Onun fikrincə, həmin tələbələrin böyük əksəriyyəti Azərbaycanın dövlətçiliyini dəstəkləyir: “Bütövlükdə götürdükdə Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində gənclər demokratik düşüncədə təlim və təhsil alırlar”.

10 Mart, 2011  20:30 Baxılıb: 1410

Bu bölmədə